Azad Rəhimov: “Yarışların təşkili ilə bağlı heç bir problem yoxdur” AÇIQLAMA

Azad Rəhimov: “Yarışların təşkili ilə bağlı heç bir problem yoxdur” AÇIQLAMA

"Olimpiya Stadionunun 68 min nəfərlik tutumu var. Stadionun bir hissəsi idmançılar üçün, bəzi sektorları isə protokol üçün ayrılıb". SİA-nın məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov bu gün Avropa Oyunları ilə bağlı keçirilən mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, bəzi yarışlar üçün bilet tapmaq çətinləşir: "Biletlərin hamısı satılır. Lakin elə idman növləri var ki, həmin yarışlarda azarkeşlər az iştirak edir. Yarışlar üçün mütəmadi olaraq biletlər satışa qoyulub. Biz biletlərin satış statistikası ilə maraqlanırıq və görürük ki, biletlərin hamısı satılıb. Yarışların bəzilərinə bilet tapmaq çətindir. Çalışırıq ki, bütün idman növləri üzrə biletlər satılsın. Kamandan oxatma üzrə yarışlarda və stolüstü tennis yarışlarında azarkeş az olub. Həmin yarışlara çalışırıq ki, televiziyalar vasitəsilə daha çox yayım həyata keçirə bilək".

Azad Rəhimov növbəti illərdə Bakıda keçiriləcək digər idman yarışlarına hazırlıqla bağlı da danışıb: "Bunun üçün işçi qrupları yaradılır və lazımi işlər həyata keçirilir. Hər bir böyük yarış üçün işçi qrupu yaradılır. Bakıda keçiriləcək şahmat yarışı üçün də işçi qrupu yaradılıb. Beynəlxalq Şahmat Federasiyasının (FIDE) nümayəndələri Bakıya səfər edib. Hazırda yarışların təşkili ilə bağlı heç bir problem yoxdur. "Formula-1" yarışını keçirəcək işçi qrupu Bakıya səfər edib. Yolların düzəldilməsi ilə bağlı işlər görülür. 2022-ci ildə keçiriləcək Avropa Çempionatına da hazırlaşırıq. Çalışırıq ki, hər hansı problem olsa, dərhal həll edək".

Nazir onu da əlavə edib ki, Avropa Oyunlarında 12 idman növü Rio de Janeyrada keçiriləcək Olimpiada üçün lisenziya xarakteri daşıyır. Ənənəvi olmayan idman növlərində medalların əldə edilməsi sevindirici haldır: "Avropa Oyunları bizim üçün bir sınaq, Rio de Janeyrada keçiriləcək Olimpiada üçün hazırlıqdır. Bakıda keçirilən yarışlarda 12 idman növü lisenziya xarakteri daşıyır, bu yarışlar Rio de Janeyrada keçiriləcək Olimpiadaya lisenziya verəcək. Triatlon, gimnastika kimi yarışlarda medalların qazanılması bizi sevindirir. Bu o deməkdir ki, bu idman növlərinin gələcəyi var. Klublara axın artır, əsas məqsəd də, elə budur".

Bütün xəbərlər Facebook səhifəmizdə