"Çox sevinirəm ki, 3-cü yer uğrunda Ermənistan idmançısına qalib gəldim. O, bizim düşmənimizdir və mən yalnız qələbə düşünürdüm".
SİA-nın məlumatına görə, bu sözləri "Bakı-2015" ilk Avropa Oyunlarının yunan-Roma güləşi yarışlarında bürünc medal qazanmış Elman Muxtarov deyib. O qeyd edib ki, öncədən yalnız qələbə haqda fikirləşib: "Erməni güləşçi Londonda Olimpiya Oyunlarında da çıxış etmişdi. Mən də fikirləşdim ki, İnşallah qalib gəlməliyəm. Başqa heç cür ola bilməz".
İdmançımız finala çıxa bilməməsinin səbəbini də açıqlayıb: "İlk qarşılaşmada gürcü güləşçi ilə görüşdüm. İkinci görüşüm Norveç idmançısı ilə oldu. O, çox güclü idi. Ona görə də çox yoruldum. 10-15 dəqiqə ərzində növbəti görüşə çağırdılar. Ona görə finala çıxa bilmədim. İnşallah, gələn yarışlarda qızıl medal qazanacağam".
Xatırladaq ki, bu gün "Bakı-2015" ilk Avropa Oyunlarının yunan-Roma güləşi yarışlarında 59 kq çəki dərəcəsində mübarizə aparan Elman Muxtarov 3-cü yer uğrunda mübarizədə Ermənistan təmsilçisi Roman Amoyanı vaxtından əvvəl tam qələbə ilə məğlub edərək I Avropa Oyunlarının bürünc medalına sahib olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB