Bilgəh çimərliyi “Bakı-2015”in yarışlarını qəbul etməyə hazırlaşır FOTOREPORTAJ
"Bakı-2015" I Avropa Oyunlarının yarışlarının keçiriləcəyi məkanlardan biri də Bilgəh çimərliyi olacaq. Burada ilk Avropa Oyunlarının triatlon və şosse velosipedi idmanı üzrə zamana görə yarışlar təşkil olunacaq. Bilgəh çimərliyi Bakıdan avtomobillə 30 dəqiqəlik məsafədə, Zaqulba şossesinin yaxınlığında yerləşir. Triatlon yarışları 13-14 iyun tarixlərində, şosse velosipedi idmanı üzrə zamana görə yarışlar isə 18 iyun tarixində baş tutacaq.
Bilgəh çimərliyinin yarışların keçiriləcəyi hissəsində hazırlıq işləri artıq yekunlaşmaq üzrədir. Burada dənizdə və sahil hissədə bütün işlər yüksək səviyyədə həyata keçirilir. Ərazidə tamaşaçılar və media nümayəndələrinin fəaliyyəti üçün oturacaqlar quraşdırılıb.

"Bakı-2015" I Avropa Oyunlarının Bilgəh çimərliyi idman meydançasının əməliyyatlar üzrə baş meneceri Ayxan Məmmədov Səs TV-yə açıqlamasında qeyd edib ki, idman meydançası 500 azarkeş tutumuna malikdir. Onun sözlərinə görə, buraya metronun "Koroğlu" stansiyasından "ekspress" avtobuslar pulsuz fəaliyyət göstərəcək.
"Jurnalistlərin yüksək səviyyədə işləməsi üçün də lazımi şərait yaradılıb. Ərazidə media tribunalar quraşdırılıb. Media nümayəndələri və yayım mərkəzi üçün sürətli internet təmin olunacaq. Hazırda çimərlik təmizlənir. Beynəlxalq standartlara uyğun olaraq su lazım olan keyfiyyətə çatdırılır. İşlər yekunlaşmaq üzrədir", - deyə baş menecer əlavə edib.

"Bakı-2015" I Avropa Oyunlarının triatlon idman növünün baş mececeri Lukas Matis isə bildirib ki, triatlon yarışlarında 36 ölkədən 60 kişi və 60 qadın idmançı mübarizə aparacaq: "İdmançılar 1500 metr məsafəni üzərək, 40 kilometrlik məsafəni velosipedlə, 10 kilometr məsafəni isə qaçaraq qət edəcəklər. Atletlərin çoxu iyunun 8-9-da gələcəklər. Onlar Atletlər kəndində yerləşdiriləcəklər. İyunun 13-də qadınlar, 14-də isə kişilər yarışacaqlar".
Nəzərinizə çatdıraq ki, may ayının əvvəlində Bilgəhdə triatlon üzrə yüksək səviyyədə test turniri təşkil olunub.
Xatırladaq ki, "Bakı-2015" I Avropa Oyunları iyunun 12-dən 28-dək Bakıda və Mingəçevirdə keçiriləcək.
Elgün Vidadioğlu







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB