Mayın 22-də Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzinə media-tur təşkil olunub. Kompleksə inzibati bina, üzgüçülük hovuzu, gəmi formasında inşa edilmiş 250 yerlik altımərtəbəli mehmanxana, idman salonu, avarçəkmə klubu, kotteclər, tennis kortu, qayıqların saxlanması üçün anqar daxildir.
"Bakı-2015" birinci Avropa Oyunları Əməliyyat Komitəsinin kanoe sprinti yarışları üzrə meneceri Jan Jerom Perrin idman obyektinin mötəbər yarışa tam hazır olduğunu bildirib. Qeyd edib ki, iyunun 14-16-da Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmənin kayak və kanoe növləri üzrə keçiriləcək yarışlarda 37 ölkədən 300-dən çox kişi və qadın atletin iştirakı gözlənilir. Mötəbər yarışda Azərbaycan 7 atletlə təmsil olunacaq. Yarışlardan əvvəl əcnəbi və yerli idmançılar üçün təlim-məşq toplanışının keçirilməsi nəzərdə tutulub. Birinci Avropa Oyunlarında qitənin ən güclü idmançıları iştirak edəcəklər. Olimpiya Oyunlarının Macarıstan, Çexiya, Fransa, Almaniya və digər ölkələrdən olan 20 mükafatçısı birinci Avropa Oyunlarında qızıl medallar uğrunda mübarizə aparacaq.
Hazırda könüllülər və texniki işçilər üçün treninqlərin təşkil edildiyini vurğulayan Jan Jerom Perrin deyib ki, Oyunlar vaxtı yarışların keçirildiyi müddətdə 100 könüllü xidmət göstərəcək. İdman yarışlarından əlavə, keçiriləcək digər tədbirlərə isə daha 300 könüllü cəlb olunacaq.
Jan Jerom Perrin idmançıların Mingəçevirə iyunun 10-11-də gələcəklərini bildirib. O vurğulayıb ki, Kürün sahilində və əsas yarış zonasında hazırlıq işləri başa çatmaq üzrədir. Burada 1000-ə yaxın tamaşaçı üçün oturacaqlar quraşdırılıb. İdman qurğusunda atletlər üçün istirahət zonası, çadırlar qurulur, şəhərdə müxtəlif tədbirlərin keçirilməsi üçün hazırlıq işləri görülür.
Yerli media nümayəndələri "Kür" Olimpiya Tədris-İdman Mərkəzindən xoş təəssüratlarla ayrılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB