Bu gün Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin binasında mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin Kommunikasiya üzrə direktoru Uilyam Luis Mariye və Təşkilat Komitəsinin İdman şöbəsinin direktoru Pirs O Kallahan iştirak edib.
Pirs O Kallahan fotoslayd vasitəsilə jurnalistlər üçün "Bakı-2015"-də Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya verəcək yarışlar haqda məlumat verib.
Qeyd olunub ki, 20 idman növü üzrə təşkil olunacaq Oyunlarda 6 mindən çox idmançı, 10 minədək idman rəsmisi iştirak edəcək. İdman növlərindən 16-sı olimpiya, 4-ü qeyri-olimpiya növləridir. Qeyri-olimpiya növləri sambo, karate, çimərlik futbolu və hər komandada 3 nəfərin oynadığı basketboldur.
17 yarış günündə keçiriləcək Oyunlarda 253 medal öz sahibini tapacaq. 18 idman obyektində təşkil olunacaq yarışlarda 11 idman növü 2016-cı ildə keçiriləcək Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına kvalifikasiya qazandıracaq.
Bildirilib ki, 2014-cü il Soçi Qış Olimpiya Oyunları ilə müqayisədə I Avropa Oyunlarında iştirak edənlərin sayı 2 dəfə çox olacaq.
Bütün növlər üzrə yarışlarda Azərbaycan idmançıları birbaşa təmsil olunacaqlar.
Rio 2016 Yay Olimpiya Oyunlarına lisenziya qazandıran idman növlərinə oxatma, yüngül atletika, voleybol və çimərlik voleybolu, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş daxildir.
Qeyd edək ki, lisenziyalar oxatma, velosiped idmanı, taekvondo, voleybol və çimərlik voleybolu idman növlərində mərhələli kvalifikasiya, atıcılıq, stolüstü tennis, triatlon idman növlərində birbaşa kvalifikasiya, yüngül atletika, üzgüçülük idman növlərində beynəlxalq federasiyanın kvalifikasiyalı standartları əsasında veriləcək. Boks idman növündə I Avropa Oyunları Rio 2016 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli növbəti dünya çempionatında iştirak hüququ verəcək.
Güləş idman növündə isə yalnız təmsil etdiyi ölkənin Milli Olimpiya Komitəsi (MOK) Bakı 2015 Avropa Oyunlarında iştirak etdiyi halda güləşçilər Rio 2016 kvalifikasiya sisteminin 1-ci mərhələsi olan 2015-ci il dünya çempionatında iştirak üçün imkan qazanacaq. MOK-lar Bakı 2015 Avropa Oyunlarında hər güləş növü və çəki kateqoriyası üzrə iştirak etdiyi güləşçi sayı ilə dünya çempionatında iştirak edə biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB