Sınaq yarışına start verilib

Bu gün paytaxtımızda Bakı-2015 İlk Avropa Oyunlarının proqramına daxil olan dağ velosipedi idman növü üzrə sınaq yarışına start verilib. SİA-nın məlumatına görə, Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən birgə təşkil edilən yarış dağ velosipedi parkında keçirilir.

Birgünlük yarış çətinlik dərəcəsinə görə Beynəlxalq Velosipedçilər İttifaqının 3-cü kateqoriyasına aiddir. Sınaq turnirində 10 qadın və 30 kişi idmançı iştirak edir. İdmançılar Beynəlxalq Velosipedçilər İttifaqının reytinq siyahısına əsasən xüsusi dəvətlə seçilib. Azərbaycan yığma komandası yarışda 3 kişi velosipedçi ilə - Aqşin İsmayılov, Murad Sultanov və Orxan Məmmədovla təmsil olunur.

Reqlamentə əsasən, oktyabrın 16 və 17-də iştirakçı komandalar yarış yollarında tanışlıq xarakterli yürüşlər həyata keçiriblər.

Qeyd edək ki, velosipedçilər uzunluğu 4,1 km olan zolaq boyunca 6 dövrə vururlar. Qadınların mübarizəsi saat 10:00-da başlayıb, kişilərin yarışına isə saat 13:30-da start veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə