Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirinin qalibi İtaliya təmsilçisi Fabiano Karuana turnirin yekunu ilə bağlı təəssüratlarını jurnalistlərlə bölüşüb. SİA-nın məlumatına görə, o, Qran-Prinin təşkilatçılığının yüksək səviyyədə olduğunu bildirib: "Bütün təşkilatçılara təşəkkür edirəm. İstirahət günündə Bakı ilə yaxından tanışmaq olmaq imkanı qazandım. Bu şəhər mənim xoşuma gəlir. Həm gözəldir, həm də mənim oyunum Bakıda alınır. Əgər şahmatçının oyunu alınırsa, deməli şəhər ona düşür. Qran-Pridə qələbə qazanmaq xoşdur. Amma nəticə əldə etmək çox çətin oldu. Rəqabət çox yüksək idi. Hər bir görüşdə məğlubiyyət və ya qələbə mümkün idi. Hər bir rəqib maksimum nəticəyə oynayırdı. Məğlub olduğum görüşlər mənə turnirdə qələbə qazanmağa kömək etdi. Tez toparlandım. İlk turlarda çoxlu sayda qələbə şanslarımı, üstünlükləri boşa verdim. Sonra qələbə qazandım. Məğlubiyyətlərin olmağını istəməzdim, amma qaçılmaz oldu. Əsas məqsəd Qran-Pridən iddiaçılar turnirinə vəsiqə qazanmaqdır. Sonra isə dünya çempionluğu matçı barədə düşünmək olar. Fikrimcə, mən Bakıda bütün potensialımı göstərə bilmədim. Bir neçə partiyada yolverilməz səhvlər etdim. Əlavə göstəricilərə görə 1-ci olsamda, özümü qələbəyə layiq hesab etmirəm. Daha yaxşı oyunla şəriksiz lider ola bilərdim".
Karuana, həmçinin Azərbaycan şahmatçıları Teymur Rəcəbovla Şəhriyar Məmmədyarovun çıxışı barədə də danışıb: "Həm Teymur, həm Şəhriyar bütün potensialını göstərmədi. Bu şahmatçılar dünyada seçilən qrossmeysterlərdir. Mən şahmat aləmində o qədər tanınmayanda Teymurla Şəhriyarın oyununa həsəd aparırdım. O zaman artıq onlar böyük turnirlərdə güclü şahmatçılarla mübarizə aparırdı. İndiki halda onlarla bir turnirdə iştirak etmək mənim üçün sevindiricidir. Fikrimcə, hər iki şahmatçının Qran-Prinin növbəti mərhələlərində sözünü demək imkanı var. Məmmədyarovun Gelfand, Rəcəbovun isə Qrişuk üzərində qələbəsi yaddaqalan oldu. Bu iki şahmatçı istənilən rəqibə problem yaradacaq gücdədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB