Bakı 2015 Rio 2016-ya kvalifikasiya imkanları yaradacaq

Bakı 2015 Rio 2016-ya kvalifikasiya imkanları yaradacaq

Bu gün Bakı 2015 Avropa Oyunları gələn il keçiriləcək Boks və Güləş yarışlarının iştirakçılarına Rio 2016 Olimpiya Oyunlarında iştirak etmək üçün kvalifikasiya imkanları təklif edəcəyini təsdiq edib. Avropa Oyunları Əməliyyat Komitəsindən SİA-ya verilən xəbərə görə, bu idman növləri üzrə yarışlar ilk Avropa Oyunlarında yarışların yüksək standartını təmin edərək idmançılara Olimpiya Oyunları üçün kvalifikasiyaya doğru irəliləmək şansı verəcək.

Ümumilikdə Bakı 2015-in 20 idman növündən 11-i Braziliyada keçiriləcək növbəti Olimpiya Oyunları üçün kvalifikasiya təklif edir.

"Boks və Güləşin Rio 2016 Oyunlarına kvalifikasiya qazanmasının təsdiqlənməsi Bakı 2015-in idman proqramının düzgün istiqamətdə inkişafının göstəricisidir və bu məni çox sevindirir"- deyə, Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki deyib.

"Olimpiya Oyunlarının kvalifikasiya prosesinin bir hissəsi kimi ilk Avropa Oyunlarında çox sayda beynəlxalq idman federasiyalarının iştirak etməsi Azərbaycanda yüksək keyfiyyətli idman tədbirinin keçiriləcəyinin sübutudur"- deyə, Bakı 2015-in Əməliyyatlar üzrə Baş Direktoru Saymon Kleq qeyd edib.

Bakı 2015-in Boks yarışlarında kişilər arasında 10 çəki kateqoriyasının hər biri üzrə medal qazanan idmançı AIBA 2015 Dünya Boks Çempionatında iştirak üçün yer qazanacaq. Yarışların ən yüksək dərəcəli boksçuları öz Milli Olimpiya Komitələri adından Rio 2016-da iştirak etmək hüququ qazanacaqlar.

Güləş üzrə avropalı idmançılar və Milli Olimpiya Komitələri Rio 2016 üçün özlərinin kvalifikasiya proseslərinin bir hissəsi kimi Bakı 2015 Avropa Oyunlarının yarışlarında iştirak etməlidirlər.

"Avropa Federasiyaları Avropa Oyunlarının konsepsiyasının tamamilə tərəfdarıdır. Bizim proqramımızın 16 Olimpiya idman növündən 11-nə növbəti Olimpiya Oyunlarında iştirak üçün kvalifikasiya imkanlarının verilməsi Bakıda dünya miqyaslı yarışların olacağına işarədir. İlk Avropa Oyunlarının ən məşhur idman növlərindən ikisi Boks və Güləş olacaq, odur ki, idmançıların çoxunun Rio 2016-ya doğru yollarına məhz buradan başlayacaqlarını bilmək çox xoşdur"- deyə,Bakı 2015-in İdman şöbəsinin Direktoru Pirs O’Kallahan deyib.

Rio 2016 üçün kvalifikasiya imkanları təklif edən 11 idman növünə Oxatma, Yüngül atletika, Boks, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon, Güləş və Voleybol daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə