Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Qran-Pridə Teymur Rəcəbovla heç-heçə oynamasını şərh edib. SİA-nın məlumatına görə, o, 20 il əvvəl ilk dəfə Azərbaycan çempionatında Teymura qarşı oynadığnı bildirib: "O vaxt cəmi 1 il idi şahmatla məşğul olurdum. Görüşün əvvəlində üstünlük qazandım, sonra Teymura heç-heçə təklif etdim. O, razılaşdı. Zalı tərk edəndən sonra atalarımız bu nəticəyə çox sevinirdilər. Teymurla birgə uzun müddətdir Azərbaycan millisinin şərəfini qoruyuruq. Bakıda oynamaq məsuliyyəti artırır. Ötən silsilədən olan Qran-Prinin iki mərhələsində qalib olmuşam. Yenə də görürəm ki, Bakıda oynamaq çətindir. Məsuliyyət çoxdur. İndiki Qran-Pri ən güclüdür. Belə güclü heyət olmayıb. Burada autsayder sonda 1-ci ola bilər və ya reytinq favorit sonda axırıncı yeri tuta bilər. Şahmat inkişaf edir. Maraqlıdır ki, mənim reytinqim, oyunum dəyişilməz qalıb. Buna həm mənfi, həm də müsbət yanaşmaq olar. Artıq şahmatda 2780 reytinqlə ilk beşliyə düşmək olmur. 6 il ərzində iki dəfə Avropa çempionu olmuşam, iki dəfə Avropa Kubokunu qazanmışam. Bu nəticələr göstərir ki, düzgün yoldayıq. İllər hədər getməyib".
Teymur Rəcəbov isə ilk partiya haqda bunları deyib: "Son oyunlarımızda heç-heçə oynayırıq. Amma elə oyunlar olub ki, risq edərək vəzir və topları da qurban vermişik. Hər ikimiz qələbə qazanmaq istəyirdik. İlk dəfə Bakıda bir turnirdə qarşılaşmışdıq. Həmin oyunu xatırlayıram. Millidə də aramızda əla münasibət formalaşıb. Hər zaman Azərbaycanın qələbəsi üçün əlimizdən gələni edirik. Son dəfə Şəmkirdə rəqib olmuşuq. İndiki yarışda da uğur qazanmaq istəyirik. Heyət güclüdür. Yekun haqda danışmaq çətindir".
Hər iki şahmatçı təşkilatçılığı yüksək qiymətləndirib. Qran-Pri turnirində şahmatçılar üçün hər cür şəraitin yaradıldığı qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB