Bakıda Şahmat Qran-prisi seriyası başlanacaq

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2014-2015-ci illərin Qran-pri seriyasında iştirak edəcək şahmatçıların siyahısını açıqlayıb. Adları bu siyahıya daxil edilmiş 16 şahmatçı arasında Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da var.

Azərbaycan şahmatçılarının rəqibləri Fabiano Karuana (İtaliya), Aleksandr Qrişşuk, Serqey Karyakin, Dmitri Yakovenko, Pyotr Svidler, Dmitri Andreykin, Yevgeni Tomaşevski (hamısı - Rusiya), Hikaru Nakamura (ABŞ), Maksim Vaşye-Laqrav (Fransa), Aniş Giri (Niderland), Lenyer Dominqes (Kuba), Boris Gelfand (İsrail), Rüstəm Qasımcanov (Özbəkistan) və Ehsam Qaem Mahami (İran) olacaq.

Seriya oktyabrın 1-də Bakıda başlanacaq. Cəmi dörd turnir keçirmək planlaşdırılır, iştirakçılardan hər biri üç turnirdə oynayacaq və onların hər üçünün nəticələri ümumi hesaba daxil ediləcək.

Birinci turnir oktyabrın 1-dən 15-dək Bakıda, ikinci turnir –oktyabrın 20-dən noyabrın 3-dək Daşkənddə, üçüncü turnir – gələn il fevralın 14-dən 28-dək Tehranda, dördüncü turnir 2015-ci il mayın 13-dən 27-dək Moskvada keçiriləcəkdir.

Dörd oyunçu - Teymur Rəcəbov, Rüstəm Qasımcanov, Ehsam Qaem Maqami və Dmitri Yakovenko təşkilatçı ölkələr tərəfindən nominasiya edilib. Aniş Girinin bu seriyada iştirakını FİDE-nin Prezident nominasiya edib.

Bütün xəbərlər Facebook səhifəmizdə