Türkiyənin İzmir şəhərində güləş üzrə gənclər arasında 17-ci "Çempionlar" beynəlxalq turniri keçirilib. SİA-nın məlumatına görə, turnirdə gənc qızlar və yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri iştirak edib. Güləşçilərimiz yarışı 3 qızıl, 2 gümüş və 4 bürünc medalla tamamlayıb.
Turnirin ilk günündə mübarizəyə qoşulan güləşçilərimiz uğurlu çıxışı ilə yadda qalıb. Gənc qızların yarışında güləşçilərimiz 1 qızıl və 1 bürünc medala sahib olub. Qızıl medalı yığmamıza Raqnetta Qurbanzadə (67 kq), bürünc medalı isə Solmaz Həşimzadə (55 kq) qazandırıb.
Yunan-Roma güləşçilərinin mübarizəsində də yığmamız günü 1 qızıl və 1 bürünc medalla başa vurub. 66 kq çəkidə mübarizə aparan Ruhin Mikayılov bütün rəqiblərindən üstün olub və qızıl medal qazanıb. 55 kq-da təmsilçimiz Ramiz Məmmədov isə bürünc medalla kifayətlənib.
Turnirin ikinci günündə gənc qızların yarışında güləşçilərimiz 2 gümüş və 1 bürünc medala sahib olub. Almaz İsmayılova (51 kq) və Elmira Qəmbərova (63 kq) yalnız final görüşünü uduzub və gümüş medala layiq görülüb. 72 kq-da mübarizə aparan Səbirə Əliyeva bürünc medal qazanıb.
Yunan-Roma güləşçilərinin mübarizəsində isə, komandamızın üzvləri 1 qızıl və 1 bürünc medal əldə edib. 84 kq-da mübarizə aparan İslam Abbasov bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalına sahib olub. Ən ağır çəkili pəhləvanların mübarizəsində isə, Hacımurad Çöpsiyev (120 kq) bürünc medal qazanıb.
Beləliklə, 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan gənc qızlarımız komanda hesabında Türkiyə və Qazaxstandan sonra üçüncü pillədə qərarlaşıb. Yunan-Roma güləşçilərimiz isə, turniri 2 qızıl və 2 bürünc medalla tamamlayıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Xanmirzə Məlikəliyev təmsil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB