Avropa çempionatı ilə bağlı mətbuat konfransı keçirildi

Avropa çempionatı ilə bağlı mətbuat konfransı keçirildi

Xəbər verdiyimiz kimi, sabah Bakıda taekvondo üzrə Avropa çempionatı başlayacaq. SİA-nın məlumatına görə, bu gün çempionatla bağlı mətbuat konfransı keçirilib. Konfransda gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Ümumdünya Taekvondo Federasiyasının (WTF) prezidenti Çunqvon Çu, Avropa Taekvondo İttifaqının prezidenti Atanasios Praqalos, idmançılar və jurnalistlər iştirak edib.

Nazir müavini İ. İsmayılov ölkəmizdə keçirilən beynəlxalq idman yarışlarından danışaraq, Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib. O, belə möhtəşəm yarışın təşkil olunmasının ölkəmizə həvalə olunmasına görə, Ümumdünya Taekvondo Federasiyasının və Avropa Taekvondo İttifaqının prezidentinə minnətdarlığını bildirib. İ. İsmayılov digər yarışlar kimi, bu çempionatın da yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu qeyd edib.

Ümumdünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu ölkəmizə dəfələrlə gəldiyini və Azərbaycana olmaqdan məmnun olduğunu deyib: "Ümumdünya Taekvondo Federasiyasının 206 üzvü arasında Azərbaycan xüsusi yer tutur. Azərbaycanı böyük iqtisadi irəliləyişlərə görə təbrik edirəm. Hər səfərimdə böyük irəliləyişlər görürəm. Səfər müddətində gələcək yarışları da müzakirə edəcəyik. Fikrimcə, Azərbaycanda Qran-pri, dünya çempionatı da keçirmək mümkündür. Azərbaycan artıq seçilmiş ölkələr arasındadır. Bakıdakı Avropa çempionatı ən böyük və ən çox idmançının qatılacağı yarış olacaq. Əminəm ki, bu çempionat həm də ən uğurlu taekvondo yarışı olacaq".

Çunqvon Çu taekvondonun inkişafında Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərovun da böyük rolu olduğunu bildirib.

"Cənubi Koreya Azərbaycanda taekvondo mərkəzi təsis edib. Bu, regionda bir nömrəli mərkəzdir. İnanıram ki, Avropa çempionatında idmançılar yüksək reytinq xalları toplayaraq, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar" -deyə, Çunqvon Çu sözlərinə əlavə edib.

Avropa Taekvondo İttifaqının prezidenti Atanasios Praqalos isə Azərbaycanda idmana göstərilən diqqət və qayğıdan danışıb, taekvondonun inkişafında ölkəmizin rolunu müsbət dəyərləndirib. O, Avropa çempionatının təşkilati işlərinin peşəkarlıqla aparıldığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə