Topaz Premyer Liqasının 29-cu turunda "Neftçi" paytaxt derbisində "Bakı"nı qəbul edib. Siasport.az saytının məlumatına görə, meydan sahibi Ernest Nforun yeganə qolu ilə rəqibini məğlub edib - 1:0. Baş məşqçilərin fikirlərini nəzərinizə çatdırırıq:
Milinko Pantiç, "Bakı" klubunun baş məşqçisi: "Oyundan sonra deməyə söz tapmıram. Yetirmələrim yaxşı oynadı. Bəzi epizodlarda hakim düzgün qərarlar vermədi. İlk hissədə hakim oyunu yaxşı idarə etdi, lakin ikinci hissədə tam əksi oldu. Sanki Flavinyoya göstərilən sarı vərəqədən sonra hakimlik bizə qarşı oldu. Çətin oyuna hazır idik. "Barselona"nın belə burada xal qazanması çətindir. Məğlubiyyət üzücü olsa da, heç bir futbolçumun zədələnməməsinə, sarı vərəqə limitini doldurmamasına sevinirəm. Tam heyətlə növbəti oyuna hazırlaşacağıq. "Qarabağ" burada dörd qol vurubsa "Barselona"dan daha güclü ola bilər. Komandam rəqibdən üstün oynadı. İlk hissədə 11 metrlik cərimə zərbəsi var idi, hakim vermədi. Marius Pena bir neçə imkandan istifadə edə bilmədi. Aparıcı oyunçularımız bu oyunda iştirak etmirdi. Əfran İsmayılov tam hazır olduğu üçün əsas heyətdə meydana çıxmışdı. O, yaxşı oynadı. Bəlkə də onun yerinə Junioru oynatmalıydım. Bu halda isə meydana 3 yerli futbolçu ilə çıxmalı idim".
Böyükağa Hacıyev, "Neftçi" klubunun baş məşqçisi: "Öz oyunumuzu oynadıq, bir qolla vacib 3 xalı qazandıq. İki hissədə də hücumda oynadıq. Son vuruş lazım idi, onu da yekunda bacardıq. "Bakı" izləyicilərimizdən biri idi, aramızdakı xal fərqini artırmalı idik. "Simurq" da "İnter"ə məğlub oldu. Bunu belə də gözləyirdik. Gələn oyun "İnter"lə qarşılaşırıq. Bir günlük istirahətdən sonra hazırlığı bərpa edəcəyik. Pantiç səmimi insandır. Heç kim öz ayranına turş deməz. Biz oyun boyu üstün oynadıq. Qol gec oldu. Son dəqiqələrdə Nfora olunan hərəkət qırmızı vərəqə idi. Hakim də insandır, hər səhvə görə günahlandırmaq olmaz. Nfor qoldan sonra daha bir epziodu əldən verdi, daha doğrusu Aqil Məmmədov komandasını xilas etdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB