K-1 döyüşü üzrə dünya “Qran-pri” turnirinin final mərhələsi keçirilib TƏFƏRRÜATLAR

K-1 döyüşü üzrə dünya “Qran-pri” turnirinin final mərhələsi keçirilib TƏFƏRRÜATLAR

"Sərhədçi" Olimpiya İdman Mərkəzində K-1 döyüşü üzrə dünya "Qran-pri" turnirinin final mərhələsi keçirilib. Siasport.az saytının məlumatına görə, əvvəlcə Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Milli Məclisin deputatı Fəzail İbrahimli Xocalı faciəsi barədə iştirakçılara ətraflı məlumat verib. Yarışda bir sıra məşhur idmançılar iştirak ediblər.
Final mərhələsinin açılışında çıxış edən K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi, "Best of the Best" promoutionun prezidenti, Avropa çempionu Elnur Məmmədov bildirib ki, yarışda azarkeşlər K-1 ulduzlarının gözəl döyüşlərini izləyəcəklər: "Azərbaycan idmançıları bu yarışa uzun müddətdir ki, hazırlaşırlar. Bu yarış idmançılarımızın tanınması üçün gözəl şansdır".
Azərbaycanda idmana göstərilən diqqət və qayğıdan danışan E.Məmmədov deyib ki, Prezident İlham Əliyevin qayğısı nəticəsində respublikamız dünyada idman ölkəsi kini tanınır.
K-1 brendinin sahibi Mayk Kim və K-1 Global holdinqinin direktoru Ned Kuruç tədbirin yüksək səviyyədə təşkil edildiyini bildirib, idmançılara uğurlar arzulayıblar.
Qeyd olunub ki, Azərbaycan bir sıra mötəbər yarışlara ev sahibliyi edib. Belə mötəbər yarışın Azərbaycanda keçirilməsi böyük uğurdur.
Turnirin reqlamentinə əsasən, əsas görüşlərdən əvvəl reytinq döyüşləri keçirilib.
Yarışda Azərbaycan idmançılarından 83 kiloqram çəki dərəcəsində Ruslan Kobzev hollandiyalı Dennis İppemaya, 71 kiloqram çəki dərəcəsində Alim Nəbiyev Böyük Britaniyadan olan Çad Sugdeyə, Ziya Bayramov 77 kiloqram çəki dərəcəsində mərakeşli Omar Al Amraniyə, 72 kiloqramda Tural Bayramov Almaniya idmançısı Marco Groha qalib gəliblər.
Digər görüşlərdə isə 85 kiloqram çəki dərəcəsində Samet Keser (Türkiyə) Lazar Danieli (Rumıniya), 100 kiloqramdan yuxarı çəki dərəcəsində Corc Kolin (Surinam) Samir Kazımovu (Azərbaycan), 63 kiloqramda Zakaria Zouharry (Mərakeş) Amil Şahmarzadəni, 72 kiloqramda Miodrag Olar (Rumıniya) Babək Rüstəmovu (Azərbaycan), 71 kiloqramda Cedrik Manhoef (Surinam) İsmət Ağazadəni (Azərbaycan) məğlub edib.
Gecənin əsas döyüşlərində məşhur Tailand idmançısı Buakav Bançamek ilə Sung Hyung Le (Koreya Respublikası) qarşılaşıblar. Bu görüşdə Buakav Bançamek qalib gəlib.
Digər yarımfinal görüşündə isə kanadalı Şane Kampbell Almaniya idmançısı Enriko Kehlə qarşılaşıb. Bu görüşdə isə almaniyalı idmançı üstün olub.
Qaliblərə kuboklar təqdim edilib.
Qeyd edək ki, yarış dünyanın 150-dən çox ölkəsinin televiziya kanalı ilə yayımlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə