Raqif Abbasov: “Yanvar ayında bütün şahmat yarışlarının açılışında Vüqar Həşimov yad olunacaq”

Raqif Abbasov: “Yanvar ayında bütün şahmat yarışlarının açılışında Vüqar Həşimov yad olunacaq”

"Beynəlxalq qrossmeysterimiz Vüqar Həşimovun vaxtsız dünyasını dəyişməsi Azərbaycan idmanına ağır itkidir". Bu sözləri Siasport.az saytına açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov deyib. O, dünyada ən yaxşı şahmatçılardan olan idmançımızın yanvar ayında keçiriləcək bütün şahmat yarışlarının açılışında 1 dəqiqəlik sükutla yad olunacağını qeyd edib: "Gənclər və İdman Nazirliyinin tapşırığı əsasında BŞGİBİ tərəfindən yanvar ayında keçiriləcək bütün şahmat yarışlarının açılışında beynəlxalq qrossmeysterimiz Vüqar Həşimovun 1 dəqiqəlik sükutla yad olunması barədə əmr imzalanıb. Bu addım şahmatçımızın xatirəsinə hörmət əlaməti olaraq atılır.

Cənazə bu gün və ya sabah Almaniyadan Azərbaycana gətiriləcək və vida mərasimi Şahmat Mərkəzində keçiriləcək".

Qeyd edək ki, V.Həşimov FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında 11-ci yerdə qərarlaşmışdı. O, 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanmışdı.

Şahmatçı bu gün səhər saatlarında ağır xəstəlikdən sonra Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə