Atletlərimizdən möhtəşəm uğur: Xristov Avropa çempionu, Süleymanov bürünc medalçı oldu
Albaniyada kişilər və qadınlar arasında Avropa çempionatı davam edir. Siasport.az saytının məlumatına görə, aprelin 8-də milli komandamızın üzvlərindən Silviya Angelova 48 kq çəki dərəcəsində mübarizə aparıb və böyük uğur qazanaraq gümüş medala sahib çıxıb. Dünən isə kişilərimiz mübarizəyə qoşulublar. 62 kq çəki dərəcəsində iki atletimiz - Valentin Xristov və Zülfüqar Süleymanov medal qazanmaq üçün körpücük üzərinə çıxıb. Ötən il Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında 56 kq çəki dərəcəsində çempion olan Valentin Xristov, Tiranaya ünvanını qorumaq üçün gəlib. Londondakı XXX Yay Olimpiya Oyunlarında bürünc əldə edərək, müstəqillik dövrümüzdə ilk Olimpiya medalımızı qazanan gənc atlet, istəyinə nail olub. Çox gənc olmasına baxmayaraq, rəqibləri ilə nəinki başabaş mübarizə aparan, hətta onları bir baş üstələyən atletimiz artıq ikiqat Avropa çempionudur.
Təcrübəli Zülfüqar Süleymanov isə ayrıca xoş sözlərə layiqdir. Uzun müddət diskvalifikasiya üzündən yarış meydanlarından kənar qalan atletimiz, geri dönəndən qısa vaxt sonra belə böyük uğuru qazanıb. Əslində, bu nəticə onun üçün yad deyil. 2009-cu ildə Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən Avropa çempionatında 3-cü yeri tutan Süleymanov, bir il sonra Minskdəki AÇ-də 2-ci olub. Üç illik fasilədən sonra beynəlxalq körpücük üzərinə qayıdan Zülfüqar, böyük əzm nümayiş etdirərək Albaniyada Avropa çempionatının bürünc medalına layiq görülüb.
Yarışın təfərrüatına gəlincə, birdən qaldırma hərəkətində Zülfüqar Süleymanov əvvəlcə 127 kq, daha sonra isə 130 kq çəkili ştanqı rahatlıq ilə başı üzərinə qaldırıb. Ancaq təəssüf ki, idmançımız 132 kq-ı ram edə bilməyib. Bununla da, təcrübəli atlet bu hərəkətdə 4-cü yerlə kifayətlənıb. Ondan fərqli olaraq gənc Valentin Xristov startı 133 kq-dan verib və uğurla işinin öhdəsindən gəlib. Daha sonra 137 kq sifariş verən idmançımız, bu çəkini də ram edib. Xristov 140 kq-ı qaldıra bilməsə də, bu hərəkətdə Avropa qızılını təmin edib.
Təkan ilə qaldırma hərəkətində Zülfüqar Süleymanov daha yaxşı çıxış edə bilib. Baxmayaraq ki, hərəkət onun üçün uğur başlamayıb. 160 kq çəkini yalnız ikinci yanaşmada ram edə bilən təcrübəli ağırlıqqaldıranımız, bunun hesabına bu hərəkətdə bürünc medala sahib çıxıb. Medalı təmin edən atlet 3-cü yanaşmadan imtian etdi.
Valentin Xristov da bu hərəkətdə 3-cü yanaşmasından imtina edib. Ancaq o, buna qədər qızıl medala sahib çıxıb. Əvvəlcə 170 kq, sonra isə 175 kq-ı ram edən gənc atlet hamıdan güclü olduğunu sübut edib.
Beləliklə, toplamda 290 kq (130 kq + 160 kq) nəticə göstərən Zülfüqar Süleymanov Avropa üçüncüsü, Valentin Xristov isə 312 kq-la (137 kq + 175 kq) çempion adına layiq görülüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB