Gimnastımız dünya klub çempionatında 4-cü olub

Gimnastımız dünya klub çempionatında 4-cü olub

On beş yaşlı Azərbaycan gimnastı Marina Durunda ondan yaşca böyük rəfiqələri Aliyə Qarayeva və Lalə Yusifova ilə birlikdə gündoğan ölkənin paytaxtında başa çatmış dünya klub çempionatında "Neftçi" kollektivinin triosunu təşkil edib. Siasport.az saytının məlumatına görə, medal iddiasında olmasa da sonda klubun 5-ci yer tutmasında onun da mühüm xidməti olub. Durunda özü Tokyo Gymnasium Metropolitain sarayında Yaponiya tamaşaçılarının ara verməyən alqış sədaları altında finalda yeniyetmələr arasında turnirin 4-cü pilləsinə çıxıb. Medalları Belarus, Rusiya və Ukrayna gimnastları bölüşüblər.

Ölkə yığmasının baş məşqçisi Mariana Vasilevanın sözlərinə görə, Marinanın final çıxışında halqanı itirməsi onun pyedestala yaxınlaşmasına imkan verməyib. "Lakin əminəm ki, o, daha yaxşı çıxış edə bilər və edəcəkdir. Biz buna çalışacağıq. Digər tərəfdən, səkkiz iştirakçı arasında finala çıxa bilən L.Yusifovaya görə şadam (8-ci yer). Nəticədə həlledici mərhələdə yalnız Rusiya, Belarus və Azərbaycanın hərəsinin 2 nümayəndəsi oldu", - deyə o, qeyd edib.
Komandanın liderinə gəldikdə isə, Qarayeva öz çıxışlarını, komandası kimi, 5-ci yerdə başa çatdırıb. Bu yarışda qalib Londonda keçirilmiş olimpiadanın vitse-çempionu rusiyalı Darya Dmitriyeva olub.
Qeyd edək ki, qarşıdakı həftəsonu L.Yusifova və M.Durunda İtaliyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə