Və ya \"mözücə adası\": 70 qoyun, 12 at, 3 inək, 2 keçi, toyuq-cücə, qazlar və itlər
Bu gün bütün dünyanın diqqəti XXX Yay Olimpiya Oyunlarının rəsmi açılışının keçiriləcəyi London olimpiya stadionuna yönələcək. Açılışda nələrin yer alacağı məsələsi uzun müddət jurnalistləri maraqlandırsa da, belə görünür ki, mərasimi hazırlayan rejissor Denni Boyl son anlaradək şounun detallarını sirr saxlamağı bacarıb. Hətta orada iştirak edən 60 min volontyor belə məsələ ilə bağlı demək olar, heç nə deməyib. Bununla belə məxfi saxlanılan mərasimin bəzi hissələrinə dair müəyyən bilgi əldə edilib.
Məlum olub ki, olimpiadanın rəsmi açılışı \"Mözücə adası\" adını daşıyacaq. Şou London vaxtı ilə saat 21.00-da (Bakı vaxtı ilə saat 01.00 - 28 iyul) qədim kilsə zənginin sədalara ilə start götürəcək. Bundan sonra tamaşaçılar kənd həyatının görüntüləri ilə baş-başa qalacaqlar. Stadionda ev heyvanları ilə dolu əməlli başlı ferma qurulacaq. Səhnədə 70 qoyun, 12 at, 3 inək, 2 keçi, çoxlu toyuq-cücə, qazlar və itlər yer alacaq.
Mərasimin sujet xəttinə əsasən, kənd həyatından çıxmış iki qız valideynlərinin etirazlarına baxmayaraq böyük şəhərə üz tutacaq və Londonun gecə həyatına düşəcəklər. Onların səyahətləri Britaniyanın son 50 ildəki hitləri ilə müşaiyət olunacaq. Ümumilikdə mərasimdə ona yaxın mahnının səsləndirilməsi nəzərdə tutulur.
Tamaşaçılar Londonun görməli nöqtələri və tarixi məkanları ilə də tanış olacaqlar. Biq ben, Müqəddəs Pavel Kilsəsi və digər yerlərin maketləri ilə səhnə akustikası yaradılacaq. Deyilənə görə, Boyl açılışı hazırlayarkən Britaniyanın tarixinə nisbətən yumoristik nöqteyi-nəzərdən yanaşıb. Bunu nəzərə alan bəzi volontyorlar bildirirlər ki, müəyyən səhnələr onlar üçün hətta çox absurd təsir bağışlayır. Amma Boyl jurnalistlərin narahatlığını aradan qaldırmaq üçün gülərək bildirib ki, açılışda hər hansı zombi rəqsi yer almayacaq.
Qeyd edək ki, Boylun açılış fantaziyası birbaşa olaraq müasir texnologiyaların imkanları üzərində qurulub. Ona görə də o və onun 20 minlik komandası Allaha dua edirlər ki, texnikalardan hansısa sıradan çıxmasın. Bunun baş verməsi mərasimə ciddi zərər gətirə bilər.
Hesablamalara görə, XXX Yay Olimpiya Oyunlarının açılışına 27 milyon funt-sterlinq (təxminən 42 milyon dollar) xərclənib. Güman edilir ki, tədbirə 80 min tamaşaçı gələcək. Orada həmçinin 16 min idmançı, 10 min birbaşa icraçı olacaq.
Amma jurnalistlər gecənin başlıca məqamını müəyyənləşdirə bilməyiblər. Hələ də tam bilinmir ki, olimpiya məşəlini kim alovlandıracaq. Hələlik bunun üçün başlıca namizəd vaxtilə İngiltərənin futbol yığmasının kapitanı olmuş Devid Bekhem hesab edilir. Məlumdur ki, Bekhem açılışda iştirak edəcək, amma o, əsas məsələ ilə bağlı sualı cavablandırmaqdan uzaq durub.
Bu günlərdə britaniyalıları narahat edən bir məqam da var. Sinoptiklər olimpiadanın açılışı günü yağış yağacağını proqnozlaşdırırlar. Mərasimin baş tutacağı stadionun üstü bağlanmadığından yağız mərasimi heçə endirə bilər. Bununla belə azarkeşlər inanırlar ki, hər şey yaxşı başa çatacaq və onlar əsl idman bayramından həzz alacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB