Azərbaycanlı alpinistləri Mərkəzi Asiya yüksəkliklərini fəth edəcək

Azərbaycanlı alpinistləri Mərkəzi Asiya yüksəkliklərini fəth edəcək

Azərbaycanlı alpinistləri Pamir dağlarında ekspedisiyaya başlayıblar. Siasport.az saytının məlumatına görə, dünən gecə Azərbaycanın alpinizm üzrə yığma komandasının üzvləri – Sirxan Məmmədov (komandanın rəhbəri və kapitanı), Denis Leusov və Firuz Dadaşov Moskvadan tranzit reyslə Düşənbəyə yola düşüb.


Daha bir iştirakçı – Qırğızıstanda Lenin zirvəsinə uğurlu yürüş keçirmiş Rüfət Qocayev ekspedisiyaya iyul ayının 27-si qoşulacaq.


Ekspedisiyada əsas məqsədi iki ardıcıl yürüşlə Korjenevski (7105 m.) zirvəsi və Mərkəzi Asiyanın ən yüksək zirvəsi olan İsmayıl Samoni zirvəsinin (keçmiş Komunizm zirvəsi, 7495 m.) fəthi olacaq.


Ekspedisiya Azərbaycan tarixinin görkəmli övladlarına həsr edilmiş Rusiyanın Azərbaycan Gəncləri Təşkilatının, Heydər Əliyev Fondunun və Azərbaycan Alpinizm Federasiyasının birgə lahiyəsinin davamıdır. Sözü gedən ekspedisiya Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri olan Mirzə Fətəli Axundovun 200 illik yubileyinə və maestro Niyazinin 100 illik yubileyinə həsr ediləcəkdir.


Ekspedisiya Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.


Qeyd edək ki, alpinistlər hal-hazırda Düşənbədədirlər və bu gün onlar Azərbaycanın Düşənbədəki səfirliyinə baş çəkərək cənab Səfiri Ekspedisiya haqqında məlumatlandıracaq.


Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə