Kamal Taner: “Gözəl münasibətlər idmanla başlayır”

Kamal Taner: “Gözəl münasibətlər idmanla başlayır”

Xəbər verdiyimiz kimi, bu gün Gənclər və İdman Nazirliyində Türkdilli dövlətlərin Universitetlərinin İdman Federasiyaları Prezidentlərinin toplantısı keçirildi. Siasport.az saytının məlumatına görə, tədbir öncəsi jurnalistlərə açıqlama verən Türkdilli Dövlətlərin Univeristetlərinin İdman Federasiyaları prezidenti Kamal Taner Azərbaycanda olduqlarından və qardaş ölkənin beynəlxalq federasiyanın işinə dəstək göstərdiyindən məmnun olduğunu bildirib: "İlk dəfə 2 il bundan öncə Ankarada Türk Dünyası Universitetləri İdman oyunlarını təşkil etdik. Bunun məqsədi eyni millətdən olan dövlətlərimizin bir araya gəlib gənclərimizin bir-biriləri daha yaxından tanımağına və idman sahəsində yaxınlaşmalarına şərait yaratmaqdır. Bilirsiniz ki, gözəl münasibətlər idmanla başlayır. Bu il yenə Türkiyədə Türk Dünyası 2-ci Universitetlərarası idman oyunlarını keçirmək istəyirik. Bununla bağlı işləri davam etdirmək üçün Bakıya gəldik. Bakılı qardaşlarımıza bizi dəvət etdiyi üçün təşəkkür edirik. İstəyirik ki, bu gözəl münasibətlər dünya mövcud olduğu müddətdə türk dünyası və türk gəncliyi arasında davam etsin".

Məlumat üçün bildirək ki, daha sonra Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov tədbirin rəsmi açılışını elan edərək çıxış etdi. Bundan sonra isə, türkdilli ölkələrin nümayəndələrinin fikirləri dinlənilib.

Qeyd edək ki, tədbirin sonunda Gənclər və İdman Nazirliyi və digər türkdilli ölkələrin nümayəndələri qarşılıqlı olaraq hədiyyələr təqdim edib.

Xanım Nağıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə