“Avro-2012” final oyununun hakimi bəlli oldu

Futbol üzrə Avropa Çempionatının iyulun 1-də keçiriləcək İspaniya-İtaliya final görüşünü portuqaliyalı hakim Pedro Proensa idarə edəcək. Məlumata görə, bu barədə UEFA-nın rəsmi saytında xəbər yerləşdirib.


Proensa bu çempionatda üç oyun idarə edib ki, bunlardan biri İspaniya, biri də İtaliyanın iştirakı ilə keçirilib. O, İspaniya-İrlandiya qrup (4:0) və İtaliya-İngiltərə (0:0, penaltilərlə 4:2) ¼ final matçlarının baş hakimi olub. 3 görüşün heç birində portuqaliyalı nə penalti təyin edib, nə də qırmızı vərəqə göstərib.


Sabahkı qarşılaşma Proensanın karyerasında mötəbər turnirləridə ikinci final olacaq. Referi bu il mayın 19-da keçirilən Çempionlar Liqasının "Çelsi"-"Bavariya" final görüşünü də idarə edib.


Xatırladaq ki, İspaniya-İtaliya final görüşü sabah Kiyevin "Olimpiyski" stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə