Yunan-Roma güləşçilərimiz Dünya Kubokunda dördüncü olub

Yunan-Roma güləşçilərimiz Dünya Kubokunda dördüncü olub

Rusiya Federasiyasının Saransk şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında keçirilən Dünya Kuboku yarışı başa çatıb. Güləş Federasiyasının mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, Azərbaycan yığma komandası yarışı dördüncü sırada tamamlayıb.

Məlumat üçün bildirək ki, yarışda millimiz yer aldığı qrupda Rusiyanı (4:3), Bolqarıstanı və Belarusu (hər ikisini 5:2) məğlub edib, İran yığmasına isə 3:4 hesabı ilə uduzmuşdu. Bürünc medal uğrunda güləşçilərimiz Cənubi Koreya millisi ilə qarşılaşmada 2:5 hesabı ilə məğlub olaraq Dünya Kubokunu dördüncü pillədə bitirib.

Xatırladaq ki, Saranskda Azərbaycan yığma komandasını Elçin Əliyev, Orxan Əhmədov (hər ikisi 55 kq), Sakit Cəlilov (60 kq), Rəsul Çunayev, Rüstəm Əliyev (hər ikisi 66 kq), Elvin Mürsəliyev, Rafiq Hüseynov (hər ikisi 74 kq), Həmzət Yusubov, Saman Təhmasibi (hər ikisi 84 kq), Şalva Qadabadze (96 kq) və Zaur Mehrəliyev (120 kq) təmsil edib. Güləşçilərimiz məşqçilər Şaban Donat və Mutalib Yerlikayanın rəhbərliyi altında yarışda iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə