“Tarixi Şəhərlərimizdə Kərpic Memarlığı” arxeoturu yekunlaşdı

“Tarixi Şəhərlərimizdə Kərpic Memarlığı” arxeoturu yekunlaşdı

Aprelin 17 və 18-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Ağsu rayon İcra Hakimiyyəti və "MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş "Tarixi şəhərlərimizdə kərpic memarlığı" arxeoturu keçirildi. SİA-nın məlumatına görə, arxeoturun ilk ünvanı Ağsu şəhərində arxeoloji qazıntılar zamanı tapılan orta əsrlər və xanlıqlar dövrünə aid şəhərin ziyarəti olub.

Qeyd edək ki, aşkar olunmuş həmin şəhər arxeoloq Fariz Xəlilli tərəfindən aşkar olunub və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə qoruma altına alınıb. Qədim şəhər demək olar ki, günümüzə qədər heç bir dağıntıya məruz qalmadan gəlib çıxa bilib. Burada qədim saxsı qablar, hamam, ərzaq saxlamaq üçün küplər, zinət əşyaları, ocaqlar torpağın altından çıxarılaraq, muzey kimi ziyarətçilərin ixtiyarına verilib. Şəhərin görüntüsü onu deməyə əsas verir ki, həmin dövrdə Azərbaycanda mədəniyyət güclü inkişafda olub.

Bundan sonra isə, Yeni Azərbaycan Partiyasının Ağsu rayon şöbəsində xarici və yerli nümayəndələrin iştirakı ilə "Tarixi şəhərlərimizdə kərpic memarlığı" mövzusunda konfrans keçirildi. Tədbirdə çıxış edən Milli Elmlər Akademiyasının akademiki, Azərbaycanda orta əsr şəhərlərində mədəniyyətin axtarışının əsasını qoyan Vəli Əliyev Azərbaycanda kərpic memarlığının inkişaf tarixindən danışdı. O, vurğuladı ki, Azərbaycanda aşkar olunmuş kərpic memarlığı abidələri dünyanın digər ölkələrində olan abidələrlə eynilik təşkil edir. Konfransda Türkiyənin "Arkeoloji ve Sanat Dergisi"nin redaktoru, Türkiyənin kərpic memarlığı üzrə mütəxəssislərindən biri, axeoloq Nezih Başglelen də iştirak edirdi.

"MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək" İctimai Birliyinin sədri Fariz Xəlilli isə, "Son orta əsrlərdə kərpic memarlığı" mövzusunda təqdimat etdi. Bundan sonra kərpicin istifadə tarixi barədə məlumat verən arxeoloq fikirlərini belə ifadə etdi: "Çiy kərpicdən istifadə hələ Neolit dövründən bu günə qədər davam edir. Keçmişimizi öyrənmək və həmin təmizliyi bu gün də davam etdirmək lazımdır."

Qeyd edək ki, konfransdan sonra arxeologiya üzrə xüsusi xidmətləri olan şəxslərə hədiyyə təqdim olundu. Baş tutan konfransın ardından arxeotur iştirakçıları Şəkiyə səfər etdi. Burada Azərbaycanda xanlıqlar dövrünün yeganə tarixi abidəsi olaraq günümüzə qədər gəlib çatan Xan Sarayı ziyarət olundu. Sonra isə Kiş kəndində yerləşən Alban kilsəsinə də səfər təşkil edildi. Arxeotur iştriakçıları xalqımızın qədimliyini nümayiş etdirən qədim arxeoloji tapıntılarla tanış olundu.

Beləliklə, qədim Alban kilsəsinin ziyarəti iştirakçılar üçün sonuncu ziyarət yeri oldu və qrup axşam saatlarında Bakıya qayıtdı.

Bütün xəbərlər Facebook səhifəmizdə