Dövlət başçısı Ağsu şəhər stadionunun açılışında iştirak edib-FOTOREPORTAJ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Ağsu şəhər stadionunun açılışında iştirak edib. Siasport.az saytı xəbər verir ki, dövlətimizin başçısı stadionun rəmzi açılışını bildirən lenti kəsib.
Bu müasir idman qurğusunun təməli 2009-cu il oktyabrın 29-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın Ağsu rayonuna səfəri çərçivəsində qoyulub.
Stadionla tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat verilib ki, dörd sektorda üç min tamaşaçı yeri olan stadionun süni örtük döşənmiş meydançası müasir standartlara cavab verir. Burada yüksək səviyyəli yarışların keçirilməsi mümkündür. Tribunaların üstünə metal konstruksiyalardan ibarət örtük quraşdırılıb. Bundan əlavə, burada daha iki mini stadion idmançıların ixtiyarına verilib. Kompleksə 4 işıqlandırma lövhəsi, elektron tablo, kafe, inzibati bina və digər yardımçı obyektlər daxildir.
İnzibati binada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdikləri qayğının müxtəlif məqamlarını əks etdirən fotoguşə yaradılıb. Burada konfrans zalı, həkim məntəqəsi, soyunub-geyinmə və yuyunma otaqları var. Stadionun ətrafına 840 metr uzunluğunda hasar çəkilib və "Gülbax" daşları ilə üzlənib. Stadionun yaşıllaşdırma işlərinə də xüsusi diqqət yetirilib.
Dövlətimizin başçısının Azərbaycan gəncliyinin sağlam ruhda böyüməsinə göstərdiyi diqqət və qayğının daha bir təzahürü olan bu qurğu Ağsuda idmana olan marağı artırmaqla yanaşı, peşəkar idmançıların yetişməsində də həlledici rol oynayacaq.
Stadionda yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev təbriklərini çatdırıb, tapşırıqlarını verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB