Üçüncü dəfə üçüncü nəticə-STATİSTİKA

Üçüncü dəfə üçüncü nəticə-STATİSTİKA

"Xəzər Lənkəran" özünün möhtəşəm məğlubiyyətsiz oyunlar seriyasını Premyer Liqanın VI turunda da davam etdirib. Siasport.az saytı xəbər verir ki, səfərdə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edən Mirça Rednikin yetirmələri artıq 15 oyundur ölkə çempionatında məğlubedilməzdir.

Sonuncu dəfə ötən mövsümün 23-cü turunda, "altılığ"ın martın 13-dəki ilk matçında səfərdə AZAL-a 0:1 hesabı ilə uduzan "Xəzər Lənkəran" mövsümün son 9 qarşılaşmasında 2 qələbə qazanıb, 7 heç-heçə etməklə məğlubedilməzə çevrilmişdi. Komanda cari mövsümün ilk 6 matçında 5 qələbə qazanıb, 1 heç-heçə etməklə seriyanı 15 matça çatdırıb. Məğlubiyyətsiz 15 oyunda futbolçular 7 qələbə qazanaraq 8 heç-heçə edib və 21 top vurduğu halda cəmi 8-ni buraxıb.

Bu, komandanın tarixində çempionatlardakı 3-cü nəticənin təkrarıdır. Hesabında 1 dəfə 21, 1 dəfə 19 oyunluq məğlubiyyətsiz seriyası olan "Xəzər Lənkəran" 2004/05 və 2009/10 mövsümlərində də 15 oyun uduzmamışdı. Həmin son 2 nəticəni təkrarlayan komanda indi rekordları arxada qoymağı hədəfləyib.

Qeyd edək ki, komandanın rekordu 2007-ci ildə gerçəkləşib. 2006/07 mövsümünün fevralın 16-dakı 15-ci tur oyununda Bakıda "Neftçi"yə 0:1 hesabı ilə uduzan komanda 2007/08 mövsümünün 11-ci turunun noyabrın 10-da "Neftçi"yə bu dəfə Lənkəranda 0:1 hesabı ilə uduzub. Bu 2 məğlubiyyət arasında isə 21 çempionat oyununda "Xəzər Lənkəran"ı məğlub edən tapılmayıb.

19 oyunluq seriya da Lənkəranda "Neftçi"yə 0:1 hesabı ilə uduzmaqla başlayıb. Bu, 2005/06 mövsümünün 13-cü turunda, 2005-ci il dekabrın 12-də yaşanıb. 2006/07 mövsümündə 8-ci turun 2006-cı il oktyabrın 22-də isə səfərdə "Karvan"a məğlub olub. Bu 2 yenilgi 19 oyunluq məğlubiyyətsizliyi əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə