124 ölkənin taekvondoçuları London Olimpiadasına lisenziya uğrunda mübarizəyə başlayıblar

124 ölkənin taekvondoçuları London Olimpiadasına lisenziya uğrunda mübarizəyə başlayıblar


"Sərhədçi" Olimpiya İdmanı Mərkəzində 2012-ci il London Olimpiadasında iştirak üçün kişilər və qadınlar arasında taekvondo üzrə lisenziyalı dünya turniri başlayıb. Siasport.az saytı xəbər verir ki, turnirdə iştirak etmək üçün dünyanın 124 ölkəsindən 400 taekvondoçu Azərbaycana gəlib. Yarışların ilk günü dayanq üzərinə 58 kq çəki dərəcəsində kişilər və 67 kq çəki dərəcəsində qadınlar çıxıblar. Bu çəki dərəcələrində ölkəmizi yalnız Fəridə Əzizova təmsil edir. O, öz turnir yoluna Slovakiya təmsilçisi Franki Anniçlə görüşdən başlayacaq. Qeyd edək ki, Bakı turnirində DAEDO firmasının əsaslı surətdə sınaqdan keçirilmiş yeni sayğacları ilə yeni sensorlu corabları istifadə olunacaq. Əsas texniki dəyişikliklərə görə, sensorlar dabanın 2 sm-nə və pəncənin bayır tərəfinin 1 sm-nə keçirilmişdir ki, bu da  yaxından vurulan zərbələri asanlıqla qeydə almağa və buna müvafiq olaraq idmançıların zədələnməsi səviyyəsini azaltmağa imkan verəcək. Corabların modifikasiyası üzərində iş bu il Koreya Respublikasının Kencu şəhərində keçirilən taekvondo üzrə dünya çempionatı başa çatandan dərhal sonra başlayıb. Dünya Taekvondo Federasiyası (DTF) və onun  müvəqqəti komissiyası bu məsələ ilə bağlı sıx əməkdaşlıq edib və DAEDO-nun yeni sensor corablarının federasiyanın London Olimpiadasına lisenziya verən bütün təsnifat turnirlərində, o cümlədən Bakı turnirində istifadə olunmasına rəsmən razılıq verib.

Bütün xəbərlər Facebook səhifəmizdə