"Qarabağ"ın heyəti şən anlar yaşayıb

"Qarabağ"ın heyəti şən anlar yaşayıb

"Qarabağ" klubu Ankarada təlim-məşq toplanışını davam etdirir. Siasport.az saytı xəbər verir ki, hazırlığın növbəti günündə maraqlı anlar yaşanıb. Yüksək tempdə hazırlıqlarını davam etdirən komandada əhval-ruhiyyə yetərincə yüksəkdir. Dünən axşamdan etibarən bütün oyunçuların tam heyətlə çalışdığı məşqlərdə futbolçuların əzmi diqqəti cəlb edir. Komandada sadəcə Qara Qarayev dünən axşam və bugünkü məşqi buraxıb. Bir qədər ayağında ağrı hiss edən Qaranın sabahdan etibarən məşqlərə başlayacağı ehtimal olunur. Digər zədəli Rauf Əliyev isə İstanbulda müalicə olunur.

Bu məşq günü "Qarabağ" ailəsi üçün olduqca əlamətdar olub. Öncə onu qeyd edək ki, iki gün öncə 24-cü doğum gününü qeyd edən Vüqar Nadirovun doğum günü tortla qeyd olundu. Amma Ağdam təmsilçisisnin ailəsində sonuncu ad günü deyildi.

Həmin gün komandaya istirahət üçün nəzərdə tutulmuşdu. Əslində komanda həmin gün ənənəvi olaraq 10:15-ə məşqə yollandı və təxminən 1 saat 40 dəqiqə "tər tökdü". Amma məşq əyləndirici xarakter daşıyırdı. Toplu-topsuz müxtəlif oyunlar oynayan "Qarabağ" məşqdə əməlli-başlı stress atdı.

Günorta yeməyindən sonra isə komanda şəhər mərkəzinə yollandı. "Qarabağ"ın üzvləri birlikdə Ankarada yerləşən alış-veriş mərkəzlərinin birinə gedərək 3-4 saat vaxt keçirdilər.

Ardınca otelə qayıdan komandanın daha bir tədbiri baş tutdu. Belə ki, Vüqarın ardından ailənin daha bir üzvü ad gününü qeyd edirdi. "Qarabağ"ın və milli komandanın müdafiəsinin dirəyi Rəşad Sadıqov 29 yaşını tamamlayırdı. Bu dəfə Rəşad üçün tort hazırlanmışdı. Vüqarın tortunda "bol qol" arzulandısa, Sadıqova "möhkəm müdafiə" diləyi arzulandı.

Klubun direktoru Əmrah Çelikel və baş məşqçimiz Qurban Qurbanovun iştirak etdiyi tədbirlərdə şən anlar hamını əyləndirdi. Vüqar öz tortundan ilk tikəni komandanın həkimi Sədrəddinə verdisə, Rəşadın seçim etməkdə çətinlik çəkməsi gülüşlərə səbəb oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə