"Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin qalibi müəyyənləşib

"Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin qalibi müəyyənləşib

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının komandaları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda futzal turnirinin mükafatçıları bəlli olub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, iyunun 27-də İlham Əliyev adına Olimpiya İdman Kompleksində final və üçüncülük görüşləri keçirilib.

Üçüncü yer uğrunda görüşdə “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı Satışı İdarəsinin komandası Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin komandasına 7:2 hesabı ilə qalib gələrək bürünc medallara sahib çıxıb.

Sonra Fövqəladə Hallar Nazirliyini (FHN) və Ədliyyə Nazirliyini təmsil edən komandalar arasında final qarşılaşması keçirilib. 700-ə yaxın tamaşaçının izlədiyi həlledici matçı 4:3 hesablı üstünlüklə tamamlayan FHN təmsilçiləri turnirin qalibi olublar.

Görüşdən sonra mükafatlandırma mərasimi təşkil olunub. İlk üç yerin sahibləri diplom və medallarla mükafatlandırılıb. Hakim heyəti, müxtəlif nominasiya qalibləri fəxri fərmanla təltif olunublar. Sonra turnirin baş mükafatı olan "Heydər Əliyev Kuboku"u qalib komandaya təqdim edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, AFFA, Azərbaycan Futzal Federasiyası və NFF-nin birgə təşkilatçılığı ilə mayın 16-da start götürən ənənəvi turnirdə 20 komandanın iştirakı ilə ümumilikdə 48 görüş keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə