Futbol üzrə dünya çempionatının qrup mərhələsində keçirilən son oyunlardan sonra bir sıra maraqlı statistik göstəricilər qeydə alınıb.
SİA FIFA-ya istinadən xəbər verir ki, İspaniya millisinin futbolçusu Lamin Yamal 18 yaş 343 günlüyündə dünya çempionatları tarixinin ən gənc səkkizinci qol müəllifi olub. O, bu göstəricidə Argentina millisinin sabiq kapitanı Lionel Messini (18 yaş 357 gün) geridə qoyub.
Mayamidə keçirilən Kabo-Verde – Uruqvay qarşılaşması isə mundiallar tarixinə düşüb. Belə ki, ilk dəfə dünya çempionatında 40 yaşdan yuxarı iki futbolçu – qapıçılar Vozinya (40 yaş 18 gün) və Fernando Muslera (40 yaş 5 gün) eyni oyunda iştirak ediblər.
İran millisinin üzvü Əlirza Cahanbaxş dörd dünya çempionatında meydana çıxan ölkəsinin ikinci futbolçusu olub. Daha əvvəl bu uğura yalnız Ehsan Hacısəfi imza atmışdı.
Uruqvaylı Maksi Arauxo isə ilk iki dünya çempionatı matçında qol vuran ilk futbolçu kimi tarixə düşüb. Sonuncu dəfə buna 1954-cü ildə Xuan Hohberq nail olmuşdu.
Misir millisinin lideri Məhəmməd Salah da yeni rekord müəllifi olub. O, 34 yaş 6 günlüyündə dünya çempionatlarında Misir yığması adına qol vuran ən yaşlı futbolçu ünvanını qazanıb. Salah bununla, 1990-cı ildə Niderlanda qarşı oyunda 30 yaş 320 günlüyündə fərqlənən Məcdi Abdelğaninin rekordunu yeniləyib.
Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi dünya çempionatına iyulun 19-da yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB