"Nürnberq”dən ayrılan Azərbaycan millisinin üzvü Mahir Emreli Almaniya klubu ilə vidalaşıb. SİA xəbər verir ki, 27 yaşlı hücumçu bu barədə instaqram hesabında paylaşım edib.
“Hər bir futbolçunun karyerasında elə klublar olur ki, onlar sadəcə yolun bir hissəsi olmur, insanın bir parçasına çevrilir. Mənim üçün “Nürnberq” məhz belə bir klub oldu. Azərbaycanlı futbolçu üçün Avropanın ən tarixi klublarından birində oynamaq böyük qürur mənbəyidir. Amma bundan da dəyərli şey yalnız meydanda olmaq deyil, əsl əfsanə olan Miroslav Kloze ilə çalışmaq imkanı idi. Bu, mənim uşaqlıq arzumun gerçəkləşdiyi an idi.
Əziz “Nürnberq” ailəsi, siz mənə güvəndiniz və mən də bu formanı hər dəfə geyindikdə, vurduğum hər qolda, apardığım hər mübarizədə sizi qürurlandırmağa çalışdım. Bu formanı yalnız bədənimdə deyil, qürurla ürəyimdə daşıdım. Çünki arxamda siz vardınız - əziz azarkeşlər!
“Nürnberq”dən ayrılıram, amma arxa fonda hələ də sizin səslərinizi, alqışlarınızı və bu şəhərin döyüntüsünü eşidirəm. Və ürəyimdə isə heç vaxt unudulmayacaq bir sevgini daşıyıram...”, - forvard paylaşımında qeyd edib.
Qeyd edək ki, mövsümün əvvəlində II Bundesliqa təmsilçisinə keçən Mahir Emrelinin müqaviləsinin müddəti uzadılmayıb. O, “Nürnberq”in heyətində çempionatda 10, ölkə kubokunda 1 qola imza atıb.
Azərbaycanlı hücumçu ilə Bundesliqa təmsilçisi “Sankt Pauli”nin və “Kayzerslautern”in maraqlandığı deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə