"Azərbaycan hər zaman Beynəlxalq idman turnirləri keçirdir, bu da müsbət haldır" - EKSPERT ŞƏRH ETDİ

"Azərbaycan hər zaman Beynəlxalq idman turnirləri keçirdir, bu da müsbət haldır. İstənilən turnirin Azərbaycanda keçirilməsi ölkəmiz və futbolumuz üçün sevindiricidir. Milli komandamızın gücü hamıya məlumdur. Düşünürəm ki, bu çempionatda da favoritlərdən biri bizik. İnşallah, çempion olmaq üçün baş məşqçimiz, heyətimiz lazım olan hər şeyi edəcək". Bu sözləri SİA-ya açıqlamasında idman üzrə ekspert Ceyhun Sultanov deyib.

Onun sözlərinə görə, mayın 21-dən iyunun 1-dək Bakıda keçiriləcək mini futbol üzrə dünya çempionatı həm ölkəmiz, həm də idman ictimaiyyəti üçün mühüm əhəmiyyət kəsb edir. Turnirin ev sahibi kimi Azərbaycan milli komandası bu mötəbər yarışda yüksək nəticə göstərmək və azarkeşlərini sevindirmək niyyətindədir: "Çempionatın oyunları Bakının ən möhtəşəm idman arenalarından biri olan Milli Gimnastika Arenasında keçiriləcək. Arenanın 9000 nəfərlik tutumu ölkənin müxtəlif bölgələrindən və xaricdən gələcək azarkeşlər üçün ideal şərait yaradır. Ümumilikdə 32 ölkənin iştirak edəcəyi turnir dünya miqyasında böyük maraq doğurur. Azarkeş dəstəyi bu kimi turnirlərdə xüsusi əhəmiyyət daşıyır. Komandamızın doğma meydanda və azarkeşlərin güclü dəstəyi ilə çıxış etməsi ona əlavə stimul verir. Hər kəs bu mötəbər yarışda milli komandamızdan uğurlu çıxış və yüksək nəticə gözləyir. Mini futbol üzrə dünya çempionatına ev sahibliyi etməklə Azərbaycan həm idman infrastrukturunu, həm də təşkilatçılıq bacarığını bir daha nümayiş etdirəcək. Milli komandamız isə bu fürsətdən yararlanaraq tarixə düşmək və dünya çempionu adını qazanmaq üçün mübarizə aparacaq.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə