Azərbaycan minifutbol yığmasının Bakıda keçiriləcək dünya çempionatında hədəfi qızıl medal qazanmaq olacaq. SİA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov bildirib.
O, yarış üçün təşkil olunan “Fan Zona”da vətəndaşların asudə vaxtlarını keçirə biləcəklərini söyləyib: "Bu, turnirə marağı daha da artıracaq. Milli Gimnastika Arenasında son işlər görülür. Bir neçə günə tam hazır olacaq. Hesab edirik ki, mayın 19-da futbol əfsanələri arasında baş tutacaq matç da azarkeşlər tərəfindən rəğbətlə qarşılanacaq. Futbol ictimaiyyəti həmin görüşü çox istəyir".
AMF prezidenti yığmanın hazırlığına da toxunub: "Milli komanda da hazırlığı davam etdirir. Daha əvvəl beynəlxalq turnirdə iştirak etmişik. Dünya çempionatından əvvəl son oyunumuzu Birləşmiş Ərəb Əmirliklərinin komandasına qarşı keçirəcəyik. Turnir Bakıda keçirildiyi üçün azarkeşlərin gözləntisi böyükdür. Rəhbərlik olaraq bizim də gözləntilərimiz belədir. Yarışın qalibi olmaq istəyirik. Bunu da məqsəd kimi qoymuşuq. Amma bu, dünya çempionatıdır. Rəqabət böyükdür. Düşünürəm ki, "3-lüy"ə düşmək bizim üçün böyük uğur sayılacaq".
Qeyd edək ki, dünya çempionatı 21 may - 1 iyun aralığında Milli Gimnastika Arenasında keçiriləcək. Azərbaycan yığması 32 komandanın iştirak edəcəyi mundialın A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə