"Mançester Yunayted” cari mövsümün sonunda heyətdə ciddi dəyişikliklərə hazırlaşır. SİA xəbər verir ki, klub rəhbərliyi uğursuz çıxışlardan məyus olaraq mövsüm bitdikdən sonra daxil olacaq istənilən transfer təklifini nəzərdən keçirməyə razıdır. Hazırda komandanın rəsmi heyətində 42 futbolçu yer alır ki, onların 38-i satışa çıxarıla bilər. Klub yalnız dörd oyunçunu “toxunulmaz” elan edib. Bunlar yarımmüdafiəçi Bruno Fernandeş, müdafiəçilər Patrik Dorqu və Harri Maquayr, eləcə də istedadlı cinah oyunçusu Amad Diallodur. Eyni zamanda, müqavilə müddəti başa çatan üç futbolçunun – Kristian Eriksen, Conni Evans və Viktor Lindelöfün komandadan ayrılacağı dəqiqləşib. Klub rəhbərliyi daha böyük gəlir əldə etmək məqsədilə bəzi tanınmış adlardan da ayrılmağı planlaşdırır. Onların arasında Alehandro Qarnacho, Rasmus Hoylund, Antoni və Markus Reşfordun adları da var. Qeyd edək ki, Rúben Amorimin rəhbərliyi altında “Mançester Yunayted” hazırda Premyer Liqada 39 xalla 15-ci pillədə qərarlaşıb. Bununla belə, komanda Avropa Liqasında mübarizəni davam etdirir və bu turnirdə titul qazanmaq üçün real şanslara sahibdir.
Bütün xəbərlər Facebook səhifəmizdə