"Doğma Vətənimdə məğlub olmağı ağlımdan belə keçirmirəm..."

Hər zaman arzum olub ki, doğma azarkeşlər önündə iştirak edim. Bu, möhtəşəm hissdir. Allaha şükürlər olsun.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın MMA döyüşçüsü Nazim Sadıxov Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turniri ilə bağlı danışarkən deyib.

Xüsusi sessiyaya qoşulan 30 yaşlı idmançı döyüşlərin möhtəşəm olacağını bildirib.

“Mənim rəqibim Nikolas Mottadır. Onu 7-8 ildir tanıyıram. Eyni təşkilatda olmuşuq. Son illər Tailandda yaşayır və orada məşqlər keçir. Döyüşü tez bitirən idmançı deyiləm. İlk raundda uduzmağı sevmirəm. Doğma Vətənimdə məğlub olmağı isə ağlımdan belə keçirmirəm. Döyüşə 100 faiz hazır olacağam”, - deyə Nazim Sadıxov vurğulayıb.

İdmançının sözlərinə görə, UFC idman növü təzyiq ətrafında qurulub: “Əslində təzyiq məsuliyət deməkdir. Düşünmürəm ki, başqa problemim olsun”.

Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında təşkil olunacaq. Nazim Sadıxovun rəqibi braziliyalı Nikolas Motta olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə