Azərbaycan Beynəlxalq Xizək və Snoubord Federasiyası ilə tərəfdaş olub

Dövlət Turizm Agentliyi ilə Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) arasında qış turizminin və qış idman növlərinin inkişaf etdirilməsi, Azərbaycanın qış idman növləri üzrə nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsi üzrə tərəfdaşlıq haqqında müqavilə imzalanıb. SİA agentliyə istinadən xəbər verir ki, sənəddə qış turizmi sahəsində mövcud infrastrukturunun artırılması və təkmilləşdirilməsi, ölkəmizin xarici turistlər üçün qış turizmi üzrə cəlbedici məkana çevrilməsi, eləcə də beynəlxalq xizək yarışlarının “Şahdağ Turizm Mərkəzi" QSC-də təşkil edilməsi istiqamətində birgə əməkdaşlıq nəzərdə tutulur.

Beynəlxalq əməkdaşlıq çərçivəsində əsas məqsədlərdən biri Azərbaycanı qış idman növləri üzrə dünya səviyyəli peşəkar yarışların keçirildiyi destinasiya kimi tanıtmaq, həmçinin ölkəmizin turizm brendi və məhsullarının beynəlxalq arenada genişmiqyaslı marketinq və tanıtım kampaniyasının aparılmasını təmin etməkdir.

Müqaviləyə əsasən Beynəlxalq Xizək və Snoubord Federasiyasının təşkil etdiyi qlobal yarışlarda (dünya kubokları və çempionatlarda) Azərbaycan təşkilatın “Qlobal Destinasiya Tərəfdaşı” kimi çıxış edəcək.

Növbəti qış mövsümündən “Şahdağ Turizm Mərkəzi"ndə Beynəlxalq Xizək və Snoubord Federasiyasının dünya miqyaslı yarışlarının keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə