Cəbrayıl Könüllüləri qrupuna qəbula start verilib - YENİLƏNİB/FOTOLAR

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən icra olunan “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində “Cəbrayıl Könüllüləri” qrupuna qeydiyyat başlanıb.
SİA xəbər verir ki, bu haqda bu gün Gənclər Təşkilatlarının Resurs Mərkəzində keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini vəzifəsini icra edən Yusif Vəliyev, Azərbaycan Respublikasının gənclər və idman nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Anar Əkbərov və “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov məlumat verib.
Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən işlərə gənc nəslin, xüsusilə də kökləri bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb olunması çağırışına uyğun olaraq “Qayıdış Könüllüləri” Proqramı formalaşdırılmışdır. Proqramın əsas məqsədi, işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən həmin bölgələrdən olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin zəngin tarixi-mədəni irsinin təbliğində iştirakını təşviq etmək və Böyük Qayıdış prosesinə töhfə verməkdir.

Proqrama qoşulmaq istəyən, 18-29 yaş arası, əslən Cəbrayıl rayonundan olan hər bir gənc təhsil səviyyəsindən asılı olmayaraq “qayidish.konullu.az” saytında qeydiyyatdan keçə bilər. Qeydiyyat 20 may 2025-ci il tarixinə kimi davam edəcəkdir.

Qeydiyyat bitdikdən sonra müraciəti müsbət dəyərləndirilmiş gənclər ardıcıl olaraq müsahibə, baza təlimləndirmə kursu və imtahan mərhələsindən keçəcəklər. Seçilmiş gənclər müvafiq təlim və hazırlıq keçdikdən sonra Cəbrayıl rayonu ərazisində müxtəlif könüllü fəaliyyətləri göstərəcək, o cümlədən tədbirlərin təşkilində iştirak edəcək, bölgəyə səfər edən yerli və xarici qonaqlarla işləyəcək, bərpa və yenidənqurma işlərinə dəstək verəcək, qayıdışa hazırlıq və məskunlaşmaya könüllü dəstəyinin göstərilməsinə cəlb olunacaqlar.

Könüllülərin hazırlanması üçün baza təlimləri peşəkar təlimçilər tərəfindən “Könüllülük fəaliyyətinin əsasları”, “Könüllü xidmətin təşkili”, “Gənclərin ideoloji hazırlığı”, “Yumşaq bacarıqlar”, “Psixoloji inkişaf”, “Liderlik və natiqlik bacarıqları” və “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM)” mövzularında həyata keçiriləcəkdir. Təlimlərin keçirilməsində əsas məqsəd gənclərin könüllülüyün prinsip və dəyərləri, könüllülük kodeksi, vətəndaşlar və xarici qonaqlarla ünsiyyət qaydaları, tapşırıqların yerinə yetirilməsi və subordinasiya, peşəkar fəaliyyətlərdə emosiyaların idarəolunması, situasiyalardan çıxış yolları, effektiv ünsiyyət, Azərbaycan Gənclər siyasətinin prioritetləri, həmçinin təhlükəsizlik qaydaları haqqında bilik və bacarıqlarının artırılmasıdır.
Qeyd edək ki, hazırda “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində “Şuşa Könüllüləri”, “Ağdam Könüllüləri”, “Zəngilan Könüllüləri”, “Füzuli Könüllüləri” və “Laçın Könüllüləri” qrupları fəaliyyət göstərir. Könüllülər müvafiq ərazilərdə müxtəlif könüllü fəaliyyətlərinə cəlb olunur və aktiv iştirak edirlər.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə