"Prezident Kuboku-2024” beynəlxalq reqatasında iştirak edəcək komandaların rəsmi paradı olub - FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş avarçəkmə üzrə “Prezident Kuboku-2024” beynəlxalq reqatasında iştirak edəcək komandaların rəsmi paradı olub. SİA xəbər verir ki, şəhərin mərkəzində təşkil olunan paradda Azərbaycan, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan komandaları iştirak ediblər.

Şəhər sakinlərinin böyük coşqu ilə qarşıladığı paradın sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, turnirdə iştirak edən xarici federasiyaların rəhbərləri və idman ictimaiyyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ümummilli Liderin xatirəsinə ehtiramlarını bildiriblər.

Aprelin 30-da Qarabağın daha bir dilbər guşəsi olan Suqovuşanda “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi açılış mərasimi və 200 metr məsafədə yarışlar baş tutacaq. Reqata mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.

Mayın 2-də Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında reqatanın bağlanış mərasimi keçiriləcək. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək. Bədii hissədə müxtəlif şou proqramlar, tanınmış rəqs qruplarının çıxışları və konsert proqramı tamaşaçılara əsl bayram ab-havası yaşadacaq. Reqataya hər zaman olduğu kimi atəşfəşanlıqla yekun vurulacaq.

Xatırladaq ki, “Prezident Kuboku” reqatası ardıcıl üçüncü ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə