"Azərbaycan idmanı üçün tarixi uğura imza atdıq..."

Komanda şəklində növbəti dəfə Avropa çempionu olmaqla Azərbaycan idmanı üçün tarixi uğura imza atdıq.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında gümüş medal qazanmış yunan-Roma güləşçisi Eldəniz Əzizli jurnalistlərə açıqlamasında deyib.

Əlli beş kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda ermənistanlı rəqibi üzərində qazandığı qələbəni şərh edib: “Peşəkar idmançı olduğum üçün rəqibin kimliyinə önəm vermirəm. Nəticəyə fokuslanmağa çalışıram. Əlavə psixoloji amillərin fikrimi yayındırmasına icazə vermirəm. Bəzən idmançılarımız üzərilərindəki psixoloji təzyiqə görə istədikləri nəticəni göstərə bilmirlər. Vətən müharibəsində qazandığımız Qələbə hər şeyə dəyər. Rəqibdən asılı olmayaraq, düzgün taktika yerinə yetirməyə çalışıram”.

Yığmanın kapitanı növbəti hədəflərindən danışıb: “Bizi qarşıda dünya çempionatı və İslam Həmrəyliyi Oyunları gözləyir. Ümid edirəm ki, bu yarışlarda yenidən xalqımızı sevindirəcəyik”.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi turnirdə 3 qızıl, 1 gümüş və 2 bürünc medalla Avropa çempionu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə