Filip Ozobiç “Neftçi” forması ilə Azərbaycan çempionatlarında 15-ci qolunu vurub. SİA xəbər verir ki, Xorvatiya əsilli yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 30-cu turuna təsadüf edib. Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
O, “Zirə” ilə ev oyununda (2:4) hesabı açıb. Ozobiç bununla karyerasında 3-cü klubla Premyer Liqada 15 və daha çox qol vurub. Filip “Qəbələ”də 16, “Qarabağ”da 35 dəfə fərqlənib.
34 yaşlı yarımmüdafiəçi ölkə çempionatları tarixində 3 fərqli klubda məhsuldarlıq göstərən 6-cı, ən azı 3 komandada bunu bacaran 7-ci futbolçu olub. Onadək Qurban Qurbanov (“Daşqın”, “Turan”, “Neftçi”), Samir Əliyev (MOİK, “Neftçi”, “Xəzər Lənkəran”), Rövşən Əhmədov (“Turan”, “Kəpəz”, “Şəmkir”), Kənan Kərimov (“Qarabağ”, “Şəmkir”, “Turan”), Fərrux İsmayılov (“Bakı”, “Neftçi”, “Karvan”) üç komandada 15 və ya daha çox qola imza atıb.
Mütləq rekord isə Nazim Əliyevə məxsusdur. O, 4 klubla – “Xəzər” (Sumqayıt), “Neftçi”, “Qarabağ” və “Bakı”da (əvvəlki “Dinamo”) belə məhsuldarlıq göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə