Azərbaycan minifutbol millisinin Bakıda keçiriləcək mundiala hazırlıq planı müəyyənləşib

Azərbaycanın minifutbol millisinin Bakıda keçiriləcək dünya çempionatına hazırlıq planı müəyyənləşib. Bu barədə SİA-ya Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov məlumat verib.

O, komandanın keçirəcəyi oyunların tarixinin müəyyənləşdiyini söyləyib:

“Yığma aprelin 18-də Monteneqroya təlim-məşq toplanışına yollanacaq. Aprelin 19-dan 23-nə qədər məşqlərdə iştirak edəcəklər. Ayın 28-dək Monteneqroda olacaqlar və turnirə qatılacaqlar. Komanda aprelin 24-ü səhər Bosniya və Herseqovina, axşam isə Türkiyə millisi ilə görüşəcək. Bir gün sonra Monteneqro ilə oynayacaqlar. Aprelin 26-da isə Qazaxıstanla qarşılaşacağıq”.

Qurum rəsmisi daha sonra millinin Slovakiyada keçiriləcək turnirə qatılacağını bildirib:

“Milli aprelin 28-də Slovakiyaya yollanacaq və orada keçiriləcək turnirə qatılacaq. A qrupunda yer alan komanda aprelin 30-da Ukrayna və Slovakiya ilə qarşılşacaq. Növbəti gün isə yarımfinal, final və üçüncü yer uğrunda matçlar olacaq”.

Qeyd edək ki, Azərbaycan yığması Milli Gimnastika Arenasında təşkil olunacaq dünya çempionatının A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq. 32 komandanın iştirak edəcəyi mundial mayın 21-dən iyunun 1-dək təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə