“Məcbur olub müdafiədən oynadıq”

Oyuna yaxşı hazırlaşmışdıq. İsveçə də qarşılaşmadan iki gün əvvəl gəlməyimiz xeyrimizə olmuşdu. Amma biz Bakıda parket örtükdə məşq edir və oynayırıq”.

SİA xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Rüstəm Bağırov deyib.

Avropa çempionatının əsas mərhələsində İsveçlə qarşılaşmada ilk dəfə millinin formasını geyinən debütant görüş barədə fikirlərini Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlayıb: “Burada meydançanın örtüyü terafleksdir. Bu örtükdə oynamaq çətindir. Oyuna gəldikdə, baş məşqçinin dediklərini etməyə çalışdıq. Yaxşı başladıq, ardıcıl 2 qol vurduq. Bunun davamını gətirmək üçün də şanslarımız oldu. Təəssüf ki, imkanlardan düzgün istifadə edib fərqi artıra bilmədik. İkinci hissədə isə üstünlük rəqibdə idi. Belə alınmağında fiziki baxımdan onlardan geri qalmağımız rol oynadı. Məcbur olub müdafiədən oynadıq. Sadə səhvlərə yol verdik və oyunboyu qazandığımız üstünlüyü qoruya bilmədik. Halbuki birinci hissədəki oyuna və epizodlara görə biz qalib gəlməli idik”.

Bağırov debütü barədə də danışıb: “Millinin heyətində ilk oyunuma çıxdım. Hər bir idmançının arzusu, stimuludur ki, ölkəsinin şərəfini qorusun. Oyunun gedişində qol hesabımı da açdım. Təbii ki, hər iki göstərici şəxsi karyeram baxımından yaxşıdır. Ancaq çox istəyərdim ki, Helsinqborqdan qələbə ilə dönək. Yenə deyirəm, komandamız 3 xal qazanmağa layiq idi. Bu oyunu unudub aprelin 15-də Xorvatiya ilə keçirəcəyimiz matça köklənməliyik. Qrupda son oyunumuz olacaq. Bu görüşü doğma meydanda keçirəcəyik. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək”.

Qeyd edək ki, millimiz İsveçə 3:4 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə