AFFA-nın İntizam Komitəsi aşağı liqalarda hakimləri təhqir edən və onlara fiziki təzyiq göstərməyə cəhd edən iki məşqçini 5 oyunluq, 9 futbolçunu isə 4 matçlıq cəzalandırıb. SİA xəbər verir ki, bu barədə komitənin iclasında qərar qəbul olunub.
AFFA Region Liqasında keçirilən “Salyan” - “Qobustan” oyunu bitdikdən sonra qonaq komandanın baş məşqçisi Elbrus Baxşəliyev hakimin üzərinə hücum və onu vurmağa cəhd etdiyinə görə 5 oyunluq cəzalanıb.
AFFA U-17 Liqasında ştirak edən “Səbail”in baş məşqçisi Ceyhun Cavadov da 5 oyunluq cəzaya məruz qalıb. Buna səbəb məşqçinin “Sumqayıt”la matçın 16-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılması olub.
İntizam Komitəsi 5 futbolçunu təcavüzkar davranışa görə birbaşa meydandan qovulduğu üçün 4 oyunluq diskvalifikasiyaya məruz qoyub.
Əvəzediclər Liqasında “Zirə-2”dən Nurhan Abdıyev, Region Liqasında “Çinar Zəngilan”dan Elcan Sarıyev, U-17 Qızlar Liqasında “Zaqatala”dan Hənifət İbrahimova, “Sabah”dan Fatimə Kərimli, Futzal üzrə I Liqadan isə “Xan Lənkəran”ın oyunçusu Pərviz Həsənov təcavüzkar davranışa görə birbaşa meydandan qovulduğu üçün 4 oyunluq cəzalandırılıblar. “Zirə-2” futbolçusunun hərəkətinə görə 300 manat cərimələnib.
4 futbolçuya isə hakimləri təhqir etdiyinə və onları vurmağa cəhd göstərdiyinə görə sanksiya tətbiq olunub.
U-17 Liqasında “Sabah”dan Zakir Əmirova, Region Liqasında “Qobustan”dan Tural Nəhmətli və Samin Gülməmmədova, həmçinin “Əmirli” klubundan Mirzəxan Bəyalızadəyə 4 oyunluq cəza verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə