"Qarın əriməsi mənə çətinlik yaratdı" - Xizək alpinisti ilə MÜSAHİBƏ

Azərbaycanın xizək alpinisti Nəbiyulla Qələbəqiyevin SİA-ya müsahibəsini təqdim edirik:

-Türkiyənin İsparta şəhərinin Davraz xizək mərkəzində keçirilən ölkə çempionatında iştirak etdiniz. Yarış barədə fikirləriniz?

- Çempionat çox maraqlı və çətin keçdi. Həmçinin yarışın təşkilini çox bəyəndim. Mən və bütün idmançılar üçün də ən çətin hissəsi qarın əriməsi, yumşaqlığı və havanın çox isti olması idi.

- Yarışda sprint növü üzrə U-18 kateqoriyasında birinci yeri tutdunuz. QƏləbənizi necə şərh edərdiniz?

- Bu yarışda birinci yeri tutmağımın əsas səbəbi məşqçilərimin bizə düzgün təlim keçməsidir. Mən onların dediklərini doğru şəkildə əməl etdiyimə görə bacardım. Təbii ki, bu nəticəyə görə çox sevindim.

- Daha öncədən bu uğura imza atacağınıza inanırdınız?

- Bəli inanırdım. Çünki hər dəfə məşqlərdə özümü daha da güclü və irəlidə olduğumu hiss edirdim. Amma skimo sürprizlərlə dolu bir idman növü olduğu üçün mən yenə də ehtiyatlı davranırdım. Yarışda öz gücümü tam göstərərək bu yerə nail ola bildim.

- Yarış zamanı nə kimi çətinliyiniz oldu?

- Mənə yarışda çətin olan birinci şey isti hava idi. Çünki üç ay qışda və soyuqda məşq etdikdən sonra bu hava mənə çox çətin gəlirdi. İkincisi də bu havada qar öz bərkliyini itirirdi və hər adımda qara batırdıq. Bu da hərəkət etməyi çətinləşdirirdi. Amma yenə də əvvəlcədən planlaşdırdığımız strategiyamıza əməl edərək bunun öhtəsindən gəldik.

- Rəqibləriniz barədə nələr deyə bilərsiniz?

- Rəqiblərim kifayət qədər güclü və dözümlü idilər. Onlarla mübarizə aparmaq mənim üçün rahat olmadı. Belə bir mühitdə yarışmaq mənə daha maraqlı gəlirdi.

- 9 komandanın iştirak etdiyi yarışda hansı komandaları çıxışına görə fərqləndirərdiniz?

- Böyüklər arası yaş kateqoriyasında start verdiyimə görə bu işimi daha da qəlizləşdirmisdir. Kifayət qədər güclü, təcrübəli türk və rus komandaları arasında uzun müddətli mübarizə apardıq.

- Bundan sonra qarşıdakı planlarınız nələrdir?

- Mənim bundan sonra ki, hədəfim özümü inkşaf etdirməkdir. Daha sonra Böyük səviyyəli yarışlarda özümü göstərmək və bu idmanı Azərbaycanda məşhur bir idman növünə çevirməkdir.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə