“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev “Roma Marafonu 2025”in marafon məsafəsini qət edib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, azərbaycanlı jurnalistlə yanaşı, “Bakı Marafon Klubu”nun təsisçisi Firdovsi Kərimov da martın 16-da İtaliyanın paytaxtı Roma şəhərinin ev sahibliyi etdiyi illik marafon yarışını uğurla başa vurub.
Start və finiş nöqtələri İtaliya paytaxtının əsas simvolik yerlərindən biri, Kolizeyin yaxınlığındakı “Zəfər Tağı” olan marafonun marşrutu Roma Forumu, Palatin təpəsi, Maksimus Sirki, Vatikan, Müqəddəs Pyotr Bazilikası, Navona Meydanı kimi şəhərin məşhur yerləri olmaqla, ümumilikdə 42,19 kilometrlik məsafəni əhatə edib. Yarışa 50 minədək iştirakçı qatılıb.
Ayaz Mirzəyev AZƏRTAC-a müsahibəsində Avropanın ən tarixi və gözəl marafonlarından olan Roma Marafonunda iştirakından və bu uzun məsafəni qət etməsindən məmnunluğunu ifadə edib. Azərbaycandan beynəlxalq marafonda iştirak edən ilk media nümayəndəsi olduğunu bildirən Ayaz marafonu başa vurmasını bu il qeyd olunan Azərbaycan milli mətbuatının 150 illiyinə və Ordumuzun Vətən müharibəsində qazandığı Qələbənin 5 illiyinə həsr etdiyini deyib. O, bu uğuru may ayında keçiriləcək “Bakı Marafonu 2025”də davam etdirməyi planlaşdırdığını bildirib.
Roma Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır və dünyanın bütün ölkələrindən insanları böyük coşqu ilə ətrafına toplayır.
Bütün xəbərlər Facebook səhifəmizdə