Olimpiadada iştirak üçün barmağını kəsdirdi...

Otüstü xokkey üzrə Avstraliya millisinin üzvü Mett Douson “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak etmək üçün zədədən sonra barmağının bir hissəsinin amputasiya edilməsinə razılaşıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bir müddət öncə sağ əlinin barmağını sındırması onun Olimpiadada iştirakını şübhə altına salıb. Həkimlər idmançıya məsləhət görüblər ki, ya gips taxıb barmağının sağalmasını gözləsin, ya da yuxarı hissəsi amputasiya edilsin. O, sonuncu həll yolunu seçib və bu həftə əməliyyat olunub. Xokkeyçi Fransaya səfər öncəsi televiziya kanalına müsahibəsində deyib: "Cərrahımla birlikdə yalnız Parisdə yarışmaq üçün deyil, həm də gələcək üçün qərar verdim. Ən yaxşı seçim barmağımın yuxarı hissəsinin amputasiyası idi. Bu, kiçik bir dəyişiklik və təsirli sınaqdır”.

Avstraliyalı baş məşqçi Kolin Baç idmançının addımını yüksək qiymətləndirib. "Bu, məşqçinin oyunçu üçün qərar verə biləcəyi bir şey deyil. Mett ən yaxşıya layiqdir. O, həqiqətən də Parisdə oynaya bilmək üçün böyük səy göstərdi. Mən belə bir qərar qəbul edə bilərəmmi, buna əmin deyiləm. Amma o etdi, buna görə də əla oyunçudur”.

Qeyd edək ki, Avstraliya millisi Paris Olimpiadasında ilk oyununu iyulun 27-də 2016-cı ilin Olimpiya çempionu Argentinaya qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə