İdmançılar Xankəndidəki futbol matçı ilə bağlı təəssüratlarını bölüşdü - SORĞU
İşğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol matçı baş verib. Xankəndi şəhər stadionunda keçirilən qarşılaşma 14:00-da start götürüb. Oyun Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” və MOİK komandaları arasında olub. SİA idmançılardan Xankəndi şəhərində keçirilən "Qarabağ"ın oyunu ilə bağlı təəssüratlarını öyrənib.
Qadın karateçilərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi Şahin Xudaverdiyev: “Ümumiyyətlə hər bir azərbaycanlı kimi bunun sevindirici hal olduğunu deyə bilərəm. Bu gün 30 il əsarətdə qalan torpaqlarda futbol matçı keçirilib. Həm də “Qarabağ” komandasının oyununun orada keçirilməsi gözəl hissdir. Hər bir azərbaycanlı buna sevinir. Mən düşünürəm ki, gələcəkdə digər idman yarışları da bu yerlərdə keçiriləcək. İnşallah hər şey uğurla başa çatacaq. “Qarabağ” komandamıza uğurlar arzulayaq, inşallah bu oyunu qələbə ilə başa vurar”.

Kikboksinq üzrə Dünya və Avropa çempionu, Azərbaycan Respublikasının “əməkdar idman ustası”, Azərbaycan Türkiyə qardaşlıq ödül gecəsində “ilin idmançısı”, sərhədçi zabiti, mayor Fuad Zeynalov: “30 ildən sonra işğaldan azad olunmuş torpağımızda – Xankəndi şəhərində bu cür idman yarışının keçirilməsi çox fərəhlidir. Fəxr olunası haldır ki, Ali Baş Komandan bizə bu sevinci yaşadıb. Xankəndidə bizim tədbirlərimiz, oyunumuz keçirilir. Qürur duyuruq”.

Yunan-Roma güləşçisi Taleh Məmmədov: “Böyük tarixi bir sübutdur ki, öz doğma torpaqlarımıza qayıdıb orada idman tədbiri keçiririk və bütün dünyaya göstəririk ki, öz doğma torpaqlarımızdayıq”.
Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB