Bakıda Avropa Ədalətli Oyunlar Hərəkatı Konqresi keçirilir - FOTOLAR

Bakıda Avropa Ədalətli Oyunlar Hərəkatı Konqresi keçirilir - FOTOLAR

Bu gün Bakıda Avropa Ədalətli Oyunlar Hərəkatı Konqresi keçirilir. SİA xəbər verir ki, tədbirin açılışında Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Marianna Vasileva çıxış edərək tədbir iştirakçılarını salamlayıb. M.Vasileva bildirib ki, bugünkü gündə Azərbaycan dünyada idman ölkəsi kimi tanınır: "Azərbaycan Prezidenti İlham Əliyev daim idmanın inkişafına xüsusi diqqət və qayğı göstərir".

İdmanın hörmət, dostluq, komanda ruhu, bərabərlik və birlik olduğunu qeyd edən qurum rəsmisi bugünkü konqresin öz işini ədalətli şəkildə həyata keçirəcəyinə inandığını qeyd edib.

Daha sonra çıxış edən Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev son illərdə Azərbaycanda bir neçə böyük idman tədbirinin həyata keçdiyini vurğulayıb: "Azərbaycan idmançıları çoxsaylı beynəlxalq tədbirlərdə iştirak edir və ölkəmizi layiqincə təmsil edirlər. Artıq üçüncü dəfədir ki, Azərbaycan Ədalətli Oyunlar Hərəkatına ev sahibliyi edir. Azərbaycan ədalətli oyun prinsiplərinə sadiqdir".

Çıxışının sonunda baş katib konqresin işinə və iştirakçılara uğurlar arzulayıb.

Avropa Ədalətli Oyunlar Menecmentinin prezidenti Filip Huzyu idman dəyərlərinə yalnız idmançılar arasında deyil, rəhbər şəxslər arasında da hörmət olunduğunu qeyd edib. Qurum rəsmisi bir neçə gün öncə baş tutan Belçika-Azərbaycan oyununu stadiondan izlədiyini bildirib. O, AFFA-ya xatirə olaraq Belçika millisinin üzərində "Bakı-2023" yazısı olan formasını təqdim edib.

Avropa Olimpiya Akademiyasının prezidenti Monfred Laymer gələn il Avropa Ədalətli Oyunlar Hərəkatının 30 illik yubileyinin qeyd olunacağını nəzərə çatdırıb. O, bildirib ki, bu illər ərzində böyük uğurlara imza atılıb: "Doğrudur, hələ də illər əvvəl yaşadığımız problemlərlə qarşılaşırıq. Amma bütün bunlar bizim üçün maneə olmamalı, yolumuzdan döndərməməlidir".

Tədbirin rəsmi hissəsinin sonunda MOK-un Ədalətli Oyunlar komissiyasının sədri Xəzər İsayev çıxış edib. Sədr qeyd edib ki, Azərbaycanda keçirilən idman tədbirləri müstəqillikdən sonra geniş vüsət alıb: "İdmanda göstərilən xidmətlərin arxasında Ulu Öndər Heydər Əliyevin imzası dayanır. Onun qoyduğu bünövrə Azərbaycanda mötəbər yarışların keçirilməsinə əsas verir. 2009-2015-ci illərdə ədalətli oyunlar sahəsində xüsusi tədbirlər həyata keçirilib. Bu, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin ədalət prinsipinə sadiqliyini göstərir".

X.İsayev Azərbaycanın bu sahədə ən fəal dövlətlərdən biri kimi dəyərləndirildiyini bildirərək çıxışını sonlandırıb.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə