Böyük Dəbilqə turnirinə start verilib - FOTOLAR

Bu gün Bakıda cüdo üzrə Böyük Dəbilqə turnirinə start verilir. SİA xəbər verir ki, ilk gündə kişilər iki, qadınlar isə üç çəki dərəcəsində mübarizə aparır.

Azərbaycan millisinin 13 idmançısı doğma publika önündə çıxış edəcək. Onlardan 8-i kişi, 5-i isə qadın cüdoçu olacaq.

Mərasimdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Avropa Cüdo Birliyinin prezidenti Laslo Tot, həmçinin, digər rəsmi şəxslər iştirak ediblər.

İlk olaraq turnirlə bağlı hazırlanan videoçarx təqdim edilib.

Ardından çıxış edən Mariana Vasileva Azərbaycanda idmanın inkişafından, ölkə başçısı İlham Əliyevin diqqət və qayğısından bəhs edib: “Azərbaycan Cüdo Federasiyası öz işini mərahətlə görür. Artıq ölkənin regionlarında cüdo sürətlə inkişaf edir. Bakıdakı Böyük Dəbilqəyə də dünyanın 61 ölkəsinin idmançısı qatılıb. Onlara uğurlar arzulayıram”.

Daha sonra nitq bildirən Rəşad Nəbiyev turnirin Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmasının onlar üçün xüsusi önəm kəsb etdiyini vurğulayıb: “Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında müstəsna rol oynayır. Biz də ölkəmizdə cüdonun inkişafı üçün əlimizdən gələni edirik. Bu il müxtəlif yaş qrupundan olan cüdoçularımız beynəlxalq yarışlarda uğurla çıxış ediblər”.

Laslo Tot isə fikirlərini bildirdikdən sonra yarışı açıq elan edib: “Mükəmməl təşkilatçılığa görə, Azərbaycan Cüdo Federasiyasına, həmçinin, Gənclər və İdman Nazirliyinə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, tədbir uğurla həyata keçiriləcək”.

Sonda Azərbaycan Dövlət Himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirilib.

Qeyd edək ki, Böyük Dəbilqə turniri sentyabrın 24-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə