Qadın həndbolçuların Azərbaycan çempionatında iki turun oyunları keçirilib - FOTOLAR

Həftəsonu “AHF Arena”da qadın həndbolçuların Azərbaycan çempionatında iki turun oyunları keçirilib. Bu barədə SİA-ya məlumatı AHF-dən məlumat verilib. 11-ci turda “Azəryol” və “İdman Akademiyası” komandalarının görüşü olduqca gərgin və maraqlı mübarizə ilə yadda qalıb. Fasiləyə 16:16 hesabı ilə yollanan rəqiblər ikinci hissədə də qalibi müəyyənləşdirə bilməyiblər-27:27. Penalti seriyasında isə daha dəqiq oynayan “İdman Akademiyası” yarışın lideri ilə dueli qələbə ilə başa vurub – 31:29. Ardınca meydançaya çıxan U-16 və “Azərsu” komandalarının qarşılaşmasında isə “Azərsu” favorit statusunu təsdiqləyib – 31:18.

Bu komandaların 12-ci turdakı görüşündə isə fərqli nəticə qeydə alınıb. Meydançaya revanş hissi ilə çıxan “U - 16” gərgin mübarizə şəraitində keçən oyunu 23:22 hesablı qələbə ilə bitirməyi bacarıb.
“Azəryol” da öz növbəsində bir tur əvvəlki məğlubiyyətin əvəzini çıxıb. “İdman Akademiyası”nın bütün cəhdlərinə baxmayaraq oyunun hər iki hissəsini yüksək səviyyədə keçirən rəqib 44:26 hesabı ilə qələbə qazanıb.

“Azəryol” 28 xalla çempionatın lideridir. “Qarabağ” ondan 5 xal geri qalır. “İdman Akademiyası” 14 xalla 3-cü, “Azərsu” 9 xalla 4-cü pillədə qərarlaşıb. Mövsümdə ilk qələbəsini qazanan “U-16” 3 xalla sonuncu yerdədir.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə