Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin də iştirak etdiyi tədbirdə idmanın inkişafında xidmətləri olan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub. SİA tədbirdə iştirak edən və ölkə başçısı İlham Əliyev tərəfindən mükafatlandırılan idman ailəsinin fikirlərini öyrənmək məqsədi ilə sorğu keçirib.

Azərbaycan Kikboksinq Federasiyasının (AKF) Hakimlər Kollegiyasının sədri Fəxrəddin Quliyev: "İlin idman yekunlarına dair təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev iştirak edirdi. Hər il bu tədbir təşkil olunur və ölkə başçısı hər zaman burada şəxsən iştirak edir. Həmçinin, hər il olduğu kimi, bu il də məşqçilər, idmançılar müəyyən adlar alaraq, mükafatlarla təltif olundular. Mən öz adımdan Ali Baş Komandanımıza təşəkkürümü bildirirəm. Çünki Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı daima göz önündə olub. Azərbaycanda idmanın inkişafı bilavasitə Ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Bu, çox sevindirici bir haldır ki, idmançılara bu cür diqqət və qayğı göstərilir".
Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat katibi Şəfəq Kərimova: "Yanvar ayının 9-u mənim üçün yaddaqalan, dəyərli və önəmli bir gün idi. Mənim üçün unudulmaz idi ona görə ki, cənab Prezidentin iştirak etdiyi tədbirdə oldum və onun çıxışını canlı-canlı dinlədim, sonda isə mənzillə mükafatlandırıldım. Bu, çox sevindirici bir haldır. Fürsətdən istifadə edərək mükafatlandırılan idman ailəsinin hər bir üzvünü təbrik edirəm. Bildiyiniz kimi, ilin sonunda cənab Prezident tərəfindən əməkdar məşqçilər və idmançılarımızın bir çoxu tərəqqi medalı ilə təltif olunmuşdular. Bu münasibətlə də onları təbrik edirəm.
Cənab Prezident İlham Əliyev və dövlətimiz tərəfindən bütün sahələrdə olduğu kimi, idmanımıza da yüksək qayğı nümayiş etdirilir. Bu diqqət və qayğı hər zaman olub, indi də davam etdirilir. Cənab Prezident dünən çıxışı zamanı da qeyd etdi ki, idmanımıza qarşı bu diqqət hər zaman olacaq. Təbii ki, bu qayğını idmançılarımızın hiss etməsi çox gözəldir. Biz daima bunun fərqində olmuşuq. Mən də bir idmançı olaraq cənab Prezidentin bu diqqətini daima hiss etmişəm. O, ailəsi ilə daima bizim oyunlarımızı, hətta məşqlərimizi də yaxından izləyib. Bunun özü də bizim üçün çox böyük bir motivasiya mənbəyidir. Bir daha Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə əməyi və əziyyəti keçən hər kəsə öz təşəkkürümü bildirirəm".

Yunan-Roma güləşçisi Taleh Məmmədov: "Cənab Prezidentin ölkə idmanına verdiyi diqqət və qayğı göz önündədir. Bu qayğı və diqqət gələcək cavan nəsil üçün bir nümunədir ki, onlar da özlərində böyük stimul taparaq sağlam həyata yönələcəklər. Bildiyiniz kimi, builki nəticələrim yaxşı oldu. Avropa və Dünya çempionatında kürsüyə qalxaraq, Qran-Pri turnirinin qalibi oldum. Dünya reytinqini isə ilk sıralarda tamamladım. Bu və keçmiş nəticələrimə görə cənab Prezident məni evlə mükafatlandırdı.
Ölkə başçısına göstərdiyi diqqət üçün təşəkkür edirəm. Təbii ki, cənab Prezident İlham Əliyevlə eyni tədbirdə iştirak etmək və onunla görüşmək mənim üçün çox qürurverici bir hadisədir. Həmçinin, bu, mənim üçün böyük motivasiyadır ki, bu il də uğurlarımı artıraraq Azərbaycanın bayrağını yüksəklərə qaldıracam".

Stolüstü tennisçi Bilurə Eminova: "Azərbaycan idmanına və idmançılarına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. İllərini idmana həsr eləmiş biri üçün bundan gözəl hədiyyə ola bilməzdi. Bu cür diqqət və qayğı bizi daha böyük həvəslə fəaliyyət göstərməyə ruhlandırır. Bundan sonra da idmanımızın inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB